Xəbər lenti

Siyasət 15:00 01.04.2024

"Rusiya və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi" - Politoloq

"2025-ci ilin noyabrını gözləməyinə ehtiyac yoxdur. Rus hərbi kontingentini bu ilin sonuna qədər yola salmağın vaxtı çatıb. Əks təqdirdə, rus hərbi kontingentini Qarabağdan çıxarmaq çətin olacaq". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin səsləndirdiyi fikrini şərh edərkən deyib.

Natiq Miri qeyd edib ki, Rusiya Azərbaycanda uzun müddət qalmaq üçün gəlmişdi:

"Bu, Rusiya üçün bir imkan idi və Kreml bundan dərhal istifadə etdi. İndinin özündə də Rusiya kontingentinin Qarabağda qalması üçün müəyyən hüquqi-siyasi zəminə ehtiyac var. Buna görə də Moskva zaman-zaman ermənilərin Qarabağa qayıtması məsələsini dilə gətirir. Çünki bu Rusiya üçün müəyyən mənada siyasi, hüquqi, həm də humanitar tutacaqlardır". 



Ekspert qeyd edir ki, həmin məsələ Rusiyanın həll edəcəyi məsələ deyil:

"Başlıcası isə bu Rusiyanın məsələsi deyil. Azərbaycanın daxili məsələsidir. Moskva ona müdaxilə edə bilməz. Üstəlik, 10 noyabr sənədi çoxdan aradan qaldırılıb, o sənəd işlək deyil. Sənədin 4, 6, 7 və 9-cu maddələri yerinə yetirilmir. Rusiya və Ermənistan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədi. Ona görə də Moskva 10 noyabr sənədindən danışa bilməz. 10 noyabr sənədi qüvvədə qalırsa, Rusiya buyurub Zəngəzur dəhlizinə nəzarəti həyata keçirsin. Amma bunu da edə bilmir".
 
Bu mənada həmsöhbətimizə görə, Rusiyanın Qarabağdan öz xoşu ilə getmiş erməniləri bəhanə gətirməsi Moskvanın növbəti dəfə həddini aşan məsələlərdir:

"Bu həm də Azərbaycana dolayısı ilə xəbərdarlıq mesajıdır ki, artıq Rusiyanın hərbi kontingentinin yola salınması zamanı çatıb". 

Qeyd edək ki, Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya üçün ermənilərin Qarabağa qayıtması məsələsinin vacib olduğunu bəyan edib:

"Rusiya sülhməramlılarının bölgədə olması bundan xəbər verir, məsələnin həll olunmadığını göstərir. Biz həmişə inanmışıq və bu, açıq şəkildə bəyan edilib ki, ermənilərin "öz tarixi vətənlərində - Qarabağda" yaşamaları vacibdir. Qayıtmaq istəyən Qarabağ ermənilərinin buna haqqı var. Mən başa düşdüyüm kimi, bu hüquq Azərbaycan tərəfdən rədd edilmir".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?