AMB-nin proqnozlarına əsasən, 2027-ci ildə iqtisadi artımın sürətlənəcəyi gözlənilir. Belə ki, gələn il real ifadədə ümumi ÜDM-in 2,6 faiz, qeyri-neft-qaz ÜDM-in isə 3,9 faiz artacağı proqnozlaşdırılır.
Hazırkı iqtisadi göstəriciləri nəzərə alsaq, AMB-nin 3,9 faizlik proqnozu real görünürmü?
2027-ci ildə qeyri-neft-qaz sektorunda 3,9 faizlik artım hansı sahələrin hesabına mümkün olacaq?
İqtisadçı Eyyub Kərimli Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, 3,9 faiz əlçatan, amma avtomatik baş verəcək artım deyil:
“Əgər Orta Dəhliz və tranzit imkanlarının genişlənməsi, Qarabağ və Şərqi Zəngəzurda investisiya layihələri, qeyri-neft ixracı və daxili istehlak iqtisadi aktivliyi dəstəkləsə, bu göstəriciyə nail olmaq mümkündür”.

“Hazırkı iqtisadi göstəricilər fonunda gələn il üçün AMB-nin 3,9 faizlik proqnozu real görünürmü?” sualına isə iqtisadçı cavab olaraq bildirib ki, 2027-ci ildə qeyri-neft-qaz sektorunda 3,9 faizlik artım proqnozunu ümumilikdə real hesab etmək olar:
“Lakin bunun reallaşması üçün 2026-cı ilin ikinci yarısından iqtisadi aktivliyin sürətlənməsi vacibdir. Hazırda bazar kifayət qədər zəifdir və 2026-cı ilin ilk yarısında qeyri-neft-qaz ÜDM-i cəmi 1,5 faiz artıb”.
Bu artımın hansı sahələr hesabına ola biləcəyi haqqında da danışan Eyyub Kərimli əsasən nəqliyyat-logistika, İKT və rəqəmsal xidmətlər, ticarət, qeyri-neft sənayesi, turizm və kənd təsərrüfatı hesabına formalaşa biləcəyini deyib:
“Ayrı-ayrı sahələrdə daha yüksək dinamika müşahidə olunur: İlk yarımildə nəqliyyat və anbar təsərrüfatında 8 faiz, informasiya və rabitədə 7,5 faiz, qeyri-neft-qaz sənayesində 4,1 faiz, ticarətdə isə 3,7 faiz artım qeydə alınıb. Bu göstəricilər 2027-ci ildə artımın əsasən nəqliyyat-logistika, İKT və rəqəmsal xidmətlər, ticarət, qeyri-neft sənayesi, turizm və kənd təsərrüfatı hesabına formalaşa biləcəyini göstərir”.
Eyyub Kərimli tikinti sahəsində isə ilk yarımildə 13 faizlik azalma qeydə alındığını əlavə edib:
“Buna görə də 3,9 faizlik artıma çatmaq üçün investisiya və tikinti fəallığının bərpası, dövlət və özəl investisiyaların genişlənməsi, sahibkarlığın maliyyəyə çıxışının yaxşılaşması mühüm əhəmiyyət daşıyacaq”.
Günay İlqarqızı
Şərhlər