NBA tarixinin ən bahalı klub satışı baş tutub.
Qaynarinfo xəbər verir ki, "Los Angeles Laykers" klubunun yeni sahibləri vençur investoru Coş Kuşner və “Disney”in keçmiş rəhbəri Bob Ayger olub. Məlumata görə, onlar klub üçün təxminən 12,5 milyard dollar ödəyəcəklər.
Bu məbləğ NBA tarixində rekorddur. Bundan əvvəl rekord göstərici 2025-ci ildə Mark Uolterin “Laykers”ın nəzarət paketini 10 milyard dollar qiymətləndirmə ilə alması idi.
Yeni sahiblər kimdir?
Coş Kuşner — “Thrive Capital” vençur fondunun təsisçisidir və Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır. O, əvvəllər “Memphis Grizzlies”də azlıq payına sahib olub, hazırda isə “Miami Heat”də payı var.

Bob Ayger isə “Disney”in uzun illər rəhbəri olmuş tanınmış media meneceridir. Onun şəxsi sərvətinin 600-700 milyon dollar civarında olduğu bildirilir.

İki investor 2026-cı ildə futbol dünyasında da gündəmə gəlmişdi. Kuşnerin fondu FIFA-nın Dünya Çempionatının keçirilməsi hüquqlarının özəl investorlara verilməsi ilə bağlı müzakirələrdə adı çəkilən potensial iştirakçılardan biri olmuşdu.
Bundan əvvəl Kuşner və Ayger Las-Veqasda yeni NBA komandası yaratmaq üçün əsas namizədlər arasında göstərilirdi. Lakin onlar yeni klub yaratmaq əvəzinə, artıq formalaşmış və dünyanın ən dəyərli idman brendlərindən biri olan “Laykers”ı almağa üstünlük veriblər.
Mark Uolter niyə klubu satdı?
Məqalədə iddia olunur ki, Mark Uolter “Laykers”ı gözləniləndən çox daha tez satışa çıxarıb. Buna səbəb kimi onun maliyyə əməliyyatları ilə bağlı araşdırma ilə üzləşməsi göstərilir.

Məlumata görə, Uolter təxminən 16 milyard dollarlıq qanunsuz kredit və maliyyə manipulyasiyaları ilə bağlı araşdırılır. FTB-nin onun təyyarəsinə eniş zamanı müdaxilə etdiyi və telefon, noutbuk və digər texnikaları götürdüyü iddia edilir.
Nəticədə Kuşner və Ayger üçün “Laykers”ı almaq gözlənilməz fürsətə çevrilib. Danışıqların satışdan bir neçə gün əvvəl başladığı bildirilir.
Beləliklə, Uolter cəmi bir il əvvəl aldığı klubun satışından 2 milyard dollardan çox gəlir əldə etmiş ola bilər.
Aydın
Şərhlər