"Kiyevin müharibənin Rusiya ərazisinə eskalasiyasını həyata keçirməkdən başqa çarəsi, çıxış yolu qalmayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukrayna prezidenti Volodimir Zelenskinin müharibədə yeni mərhələyə keçməyə hazırlaşdıqları və onun da əsas məqsədinin döyüş əməliyyatlarının bir hissəsini birbaşa Rusiya ərazisinə keçirmək olduğu barədə bəyanatını şərh edərkən deyib:
İbrahim Rüstəmli bildirib ki, Rusiya-Ukryna müharibəsində əməliyyatlar qarışıq şəkildə həyata keçirilir:
"Yəni yalnız Rusiya Ukrayna ərazisində döyüş aparmır. Ukraynanın özü də Rusiya ərazisində bu və ya digər şəkildə döyüş əməliyyatları həyata keçirir. Kiyevin artıq geri çəkilmə imkanı yoxdur. Onun praktik olaraq müharibənin Rusiya ərazisinə eskalasiyasını həyata keçirməkdən başqa çarəsi qalmayıb. Bu, Kiyevin həyata keçirməli olduğu yeganə hərbi əməliyyatdır. Ukrayna Rusiyanın onun xalqına qarşı törətdiyi eyni faciəni, ağrıları rus xalqına da yaşatmalıdır".
Ekspert qeyd edir ki, müharibədə qalib gəlmək üçün ilk növbədə informasiya cəbhəsində qalib gəlmək lazımdır:
"Rusiyanın informasiyaları özünü doğrulmadı. Ona görə də onların üç günlük xüsusi əməliyyat planı fiaskoya uğradı. Rusiyalıların əksəriyyəti müharibədən bezib. Bu mənada da mövcud vəziyyət Rusiya üçün heç bir perspektiv nəticə vəd etmir. Ona görə də Kiyev fürsətdən istifadə edib, eskalasiyanı dərinləşdirməyə, müharibəni Rusiyanın ərazisinə etap etməyə çalışacaq".
Ukraynanın bu dəfə Rusiyanın hansı ərazisinə hücum etmək məqsədinə gəldikdə, həmsöhbətimizə görə, bu məsələ prinsipial əhəmiyyət daşımır:
"Ukrayna müdafiəsiz nöqtələri seçəcək, Rusiyanın nəzarətsiz və ya daha az nəzarətdə olan ərazilərini hədəfə alacaq. Əsas məqsəd odur ki, müharibə Rusiya ərazisinə də daşınsın. Bu ssenari xüsusi olaraq hazırlanıb və onun arxasında tək Kiyev dayanmır. Ukraynaya dəstək verən dövlətlər də dayanır. Ona görə də həmin ssenari mütləq reallaşacaq”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski hərbi rəhbərliklə keçirdiyi növbəti müşavirə zamanı Rusiya ərazisinə qarşı yeni uzaqmənzilli zərbələrin hazırlandığını bəyan edib. Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ilə müharibədə yeni mərhələyə keçməyə hazırlaşır.
Bu mərhələnin əsas məqsədi də Ukrayna prezidentinin bildirdiyi kimi, döyüş əməliyyatlarının bir hissəsini birbaşa Rusiya ərazisinə keçirməkdən ibarətdir:
"Biz hər şeyi edəcəyik ki, müharibə yalnız bizim torpağımızda olmasın. Yeni uzaqmənzilli zərbələrə hazırlaşırıq. Rusiya bizim şəhərlərimizi bombalayırsa, onların da təcrid olunmuş ərazidə qalacağını düşünməsi səhvdir. Müharibə onlara da toxunacaq”.
Rüfət Sultan
Şərhlər