Xəbər lenti

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)
Ölkə 18:20 05.06.2025

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Artıq saatlıq əməkhaqqı sisteminin tətbiqi, eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün "Əmək Məcəlləsinə” ediləcək dəyişiklik Nazirlər Kabinetinə təqdim olunub. Yeni mexanizmə görə, əməkhaqları aylıq deyil, saatlıq hesablanacaq. Qanun qəbul olunarsa, vətəndaşlar saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onların əməkhaqqının artmasına gətirib çıxardacaq.
 
Vətəndaşlar hansı sahələrdə bir neçə yerdə, necə işləyə bilər? 

Milli Məclisin sabiq deputatı Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında ölkə üzrə bütövlükdə saatlıq iş rejiminə keçməyin qeyri-mümkün olduğunu bildirib:

"Elə iş yerləri var ki, bütün günü orada oturmağın mənası yoxdur. Getdin, işini gördün, çıxıb başqa işə gedə bilərsən. Məsələn, diş həkimləri bir neçə yerdə işləyir. Müəllim var ki, 2-3 yerdə dərs deyir və saata görə maaş alır. Amma elə sahələr də var ki, orada əmək haqqı saatla müəyyən olunmur. Orada müəyyən hazırlıq, bacarıq və bilik lazımdır. Ona görə də bəzi iş yerlərində bu qaydayla hesab aparmaq mümkün deyil”. 
 


Əli Əlirzayev saatlıq iş yerlərinin bəzilərinin adını açıqlayıb:

"Saatlıq iş rejiminə bəzi sahələrdə keçmək olar. Məsələn, xidmət sahəsi, yeməkxanalar, gözəllik salonları və s. Ölkə üzrə bəzi sahələrdə tamamilə saatlıq iş rejiminə keçmək qeyri-mümkündür. Əgər işin nəticəsi bir saata müəyyən olunub, bazara çıxarıla bilirsə, o sahələrdə saatlıq iş rejiminə keçmək olar”. 

İqtisadçı ekspert Akif Nəsirlinin fikirincə, burada söhbət şəxsin bir neçə yerdə işləməsindən getmir:

"Məsələn, elə iş var ki, adam gündə ona bir saat vaxt sərf edir. Bir saatdan sonra başqa bir şirkətə gedir. Əgər adamın işi bir saatlıqdırsa, niyə də bir neçə yerdə işləməsin? Bundan əlavə, uşaqlı analar var. Onlar uşaqlarını bağçaya qoyub hər hansı işdə işləyə bilərlər. Hər hansı sahibkar onlarla saatlıq müqavilə bağlaya bilər. Saatlı əmək haqqının tətbiq edilməsi əmək müqaviləsinin optimallaşdırılması, vaxtı az olan insanların əməyindən istifadəyə şərait yaradır”. 
 


Akif Nəsirli saatlıq əmək haqqı tətbiq olunandan sonra əmək haqlarının artması məsələsinə də aydınlıq gətirib:

"Xeyr, belə deyil. Həftəlik, günlük, saatlıq əmək haqqı vaxt bölgülərinin aparılması və eyni zamanda sahibkarla işçi arasında işin dəyəri müəyyənləşdirilir. Yəni, saatlıq əmək haqqı əslində az vaxtda olan, yaxud da az vaxtda bir şirkətdə işləyən insanlar üçün səmərəlidir. Onun bir şirkətdə işi bir saatdırsa, 5-7 şirkətdə də işləyə bilər. Belə olanda normal əmək haqqı ala biləcəklər. İndi də belə işlər var, məsələn, mütəxəsis gəlib bir saat işləyib gedir, amma onunla müqavilə bağlaya bilmirlər. Çünki saatlıq əmək haqqı məfhumu yoxdur”. 
 
Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->