Siyasət 14:39 03.05.2022

Səfirlərin görüşü nə vəd edir? – Ekspert

"Belə görüşlər regionun gələcəyinə münasibətin formalaşması baxımından ABŞ diplomatiyası üçün faydalı hesab olunan görüşlərdir”.

Bu fikirləri Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın Cənubi Qafqazın 3 ölkəsində təmsil olunan səfirlərinin Bakıda baş tutan birgə görüşünə toxunarkən deyib:

"ABŞ diplomatiyasında belə bir təcrübə geniş yayılıb. Hər hansı regiona aid bir neçə ölkə üzrə səfirləri toplaşaraq müşavirə keçirir. Bu və ya digər regionda yerləşən ölkələr arasında istər-istəməz müəyyən dərəcədə bir-birinə bağlılıq var. Ona görə də ABŞ diplomatiyası üçün regionlar üzrə səfirlərin bir yerə toplaşaraq müxtəlif məsələləri müzakirə etmələri daha faydalı üsul hesab edilir. Bu fonda Vaşinqton Cənubi Qafqazın 3 ölkəsində olan səfirlərini də ara-sıra belə tədbirlərə cəlb edir. Həmin görüşlərdə mərkəzi təmsil edən müxtəlif idarələri təmsil edən diplomatlar da daimi olaraq iştirak edirlər. Vəziyyəti daha aydın müəyyənləşdirmək üçün onlar habelə belə görüşlərə yerli mütəxəssisləri də cəlb edir. Bu yöndə müxtəlif çıxış və görüşləri təşkil edir”.

Həmsöhbətimizin fikrincə, bu sayaq görüşlər Azərbaycana özünün mesajlarını çatdırmaq baxımından da faydalıdır:

"Azərbaycan Prezidenti də ABŞ-ın həmin 3 ölkə üzrə diplomatını qəbul edərək ölkəmizin mövqeyini daha açıq şəkildə onlara çatdırıb. Yəni Azərbaycan da bu sayaq görüşlərdən istifadə edərək, özünün hansısa mesajlarını ötürmək üçün yararlanır”.

Qeyd edək ki, dünən Bakıda ABŞ-ın Cənubi Qafqaz ölkələri üzrə səfirlərinin regional görüşü keçirilib. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, Gürcüstandakı səfiri Kelli Neqnan, Ermənistandakı səfiri Lin Reysi iştirak edib. Bundan əlavə ABŞ dövlət katibi köməkçisinin müavini Erika Olson, Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şofer və bu ölkənin Avropa və Avrasiyaya yardım üzrə kordinatoru Kreyk Naarden də müzakirələrə qatılıb.

Rüfət Sultan