XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama
Ölkə19:00 17.09.2026

İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama

Nikolo Makiavelli deyir ki, “hər kəs sənin necə göründüyünü görür, amma yalnız bir neçə nəfər realda kim olduğunu hiss edir", Konfusi isə deyir ki, "xoşbəxtlik vizit kartı kimidir – onu yalnız başqalarına təqdim etmək üçün axtarırıq, amma özümüzdə tapmalıyıq".

Müasir dövrdə insanlar yalnız xoşbəxt olmaq deyil, eyni zamanda xoşbəxt görünmək təzyiqi ilə də üzləşirlər. Sosial şəbəkələrdə başqalarının həyatının daha uğurlu, münasibətlərinin daha yaxşı və gündəlik yaşamlarının daha problemsiz görünməsi insanları öz həyatlarını başqaları ilə müqayisə etməyə vadar edir. Bu isə bəzən yorğunluq, məyusluq və uğursuzluq kimi təbii hisslərin gizlədilməsinə səbəb olur.

Bəs insanlar niyə özlərini həmişə yaxşı göstərməyə çalışırlar? Xoşbəxt görünmək ehtiyacı haradan yaranır və bunun insanın psixoloji vəziyyətinə hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan psixoloq Seyyid-Zeynəb Əliyeva bildirib ki, cəmiyyət insandan sadəcə yaşamağı deyil, yaşadıqlarını necə göstərməyi də tələb edir:

“Burada əsas məsələ cəmiyyətin insandan sadəcə yaşamağı yox, sanki yaşadıqlarımızı necə göstərməyimizi tələb etməsidir. Daim yaxşı olmalıyıq, uğurlu görünməliyik, münasibətlərimiz yaxşı getməlidir, işimiz qaydasında olmalıdır.

Fikir versək, diqqət yetirsək, kimsə “necəsən?” deyəndə belə, çox vaxt həqiqətən nə hiss etdiyimizi demirik. Avtomatik olaraq “yaxşıyam” deyə cavab veririk.

Bu da bizə uşaqlıqdan “yaxşı olmadığımızı göstərmək zəiflik kimi görünər” düşüncəsinin aşılanmasından yaranıb. Halbuki insanın hər gün eyni emosional vəziyyətdə olması mümkün deyil”.

Psixoloq qeyd edib ki, insanın müxtəlif emosional vəziyyətlər yaşaması normaldır və bu, onun həyatının pis getdiyi anlamına gəlmir:

“Elə günlər olur ki, çox enerjili, elə gün olur ki, heç kimlə danışmaq istəmirik. Bəzən məyus oluruq, bəzən uğursuzluq yaşayırıq, bəzən yoruluruq. Amma bunların heç biri insanın həyatının pis getdiyini göstərmir. Problem o zaman başlayır ki, həmin hissləri yaşamaq əvəzinə, biz onları gizlətməyə çalışırıq”.

Zeynəb Əliyevanın sözlərinə görə, bu düşüncənin formalaşmasında sosial şəbəkələrin yaratdığı təzyiq də mühüm rol oynayır:

“Daha çox belə düşünməyimizə səbəb sosial şəbəkələrdə təzyiqlərin artmasıdır. Biz orada diqqət yetirsək, insanlar öz yaşadıqlarını deyil, bizə nəyi və necə göstərmək istədiklərini nümayiş etdirirlər. Bir insanın səyahətini görürük, amma həmin səyahətə qədər yaşadığı stresi görmürük. Gülümsədiyi şəklini görürük, amma həmin gün ağladığını bilmirik. Uğurunu görürük, amma o uğura qədər nələr yaşadığını, hansı uğursuzluqlarla qarşılaşdığını görmürük. Sonra da öz həyatımızla müqayisə etməyə başlayırıq: “Hamının həyatı gözəldir, bir mənim həyatım niyə belədir axı?”

Psixoloq vurğulayıb ki, sosial şəbəkələrdə görünənlərin real həyatın tam mənzərəsini əks etdirmədiyini nəzərə almaq vacibdir:

“Amma insan diqqət yetirsə, bir nəzər salsa, görər ki, sosial şəbəkə real həyat demək deyil. Biz kiminsə həyatının seçilmiş hissələrini öz real həyatımızla müqayisə etməyə başlayırıq. Daha sonra da özümüzü gərginləşdirir, özümüzdə neqativ hisslər yaradırıq. Bir müddət sonra da insanlar xoşbəxt olmaqdan çox, xoşbəxt görünməyə başlayırlar”.

Zeynəb Əliyeva hesab edir ki, insan zaman-zaman özünə “Mən həqiqətən nə hiss edirəm?” sualını verməlidir:

“Mən düşünürəm ki, burada özümüzə bəzən sual vermək lazımdır. Məsələn, belə bir sual da verə bilərik: “Mən həqiqətən nə hiss edirəm?” Çünki bəzən bizim ehtiyacımız xoşbəxt görünmək deyil, sadəcə yorulduğumuzu qəbul etməkdir.

Güclü görünmək, “mən həmişə yaxşıyam”, “mənim həyatımda neqativ heç nə yoxdur” demək əvəzinə, bəzən həqiqətən də yorulduğunu, məyus olduğunu, bir uğuru qazanmaq üçün nə qədər mübarizələrdən keçdiyini göstərmək və demək daha faydalıdır”.

Psixoloq əlavə edib ki, psixoloji sağlamlıq insanın heç vaxt kədər, narahatlıq və ya yorğunluq yaşamaması demək deyil:

“İnsanlar bir şeyi başa düşməlidirlər ki, sağlam olmaq, yəni psixoloji cəhətdən sağlam olmaq, həmişə hər şeyin ideal olması, mənim heç vaxt kədərli olmamalıyam, heç vaxt ağlamamalıyam demək deyil. Əksinə, insan özünün bütün emosiyalarına yer verə bilməlidir: istər kədər, istər narahatlıq, istər yorğunluq və sairə”.

Günay İlqarqızı