XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şengen vizası üçün saxta arayış təqdim etdi - 2 min manat cərimələndi
Ölkə19:00 29.09.2026

Şengen vizası üçün saxta arayış təqdim etdi - 2 min manat cərimələndi

Xaricə getmək üçün viza almağa çalışan şəxsin hazırlatdığı sənədlərdən birinin saxta olduğu müəyyənləşib. O, həmin sənədi viza müraciəti zamanı təqdim etdiyinə görə məhkəmə qarşısına çıxarılıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs maddi imkanının zəif olduğunu bildirərək əvvəlcə işləmək məqsədilə Polşaya, daha sonra isə Almaniyaya getməyi planlaşdırıb.

Xaricə getmək üçün lazım olan sənədlərin hazırlanmasında kömək etmək məqsədilə tanışları vasitəsilə bir şəxslə əlaqə saxlayıb. Həmin şəxs viza məsələsini həll edəcəyini vəd edib və bunun müqabilində təqsirləndirilən şəxsdən 1500 manat alıb.

Almaniya vizasının alınması uzun müddət mümkün olmadıqdan sonra Macarıstan üçün turist vizası almaq qərarına gəlinib.

Bundan sonra təqsirləndirilən şəxsə viza üçün tələb olunan sənədlər göndərilib. Sənədlər arasında onun guya fəaliyyət göstərən bir şirkətin logistika şöbəsində texnoloq işlədiyini göstərən iş yeri haqqında arayış da olub.

Əslində isə təqsirləndirilən şəxs həmin şirkətdə işləməyib.

İş materiallarına əsasən, arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə verilmiş hüquq verən rəsmi sənəd kimi təqdim olunub. Lakin sonradan sənədin saxta olduğu müəyyənləşdirilib.

Arayış elektron formada təqsirləndirilən şəxsə göndərilib. O isə sənədi çap etdirərək Macarıstan Səfirliyinin viza müraciətlərinin qəbulu və texniki emalı ilə məşğul olan şirkətə təqdim edib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, sənədləri hazırlayan şəxsin dediklərinə inanıb və arayışda göstərilən şirkətin bu məsələdən məlumatlı olduğunu düşünüb.

Onun sözlərinə görə, həmin şirkətdə heç vaxt işləməyib və rəhbərini də tanımayıb. Arayışın QR kodunu yoxlayarkən sənəddə göstərilən şirkətin əməkdaşlarından birini tanımadığını görüb. Bu barədə sənədi ona göndərən şəxsdən soruşduqda isə “narahat olma” cavabı alıb.

Məhkəmə isə təqsirləndirilən şəxsin saxta olduğunu bildiyi rəsmi sənəddən istifadə etdiyi qənaətinə gəlib.

O, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi (bilə-bilə saxta rəsmi sənəddən istifadə etmə) ilə təqsirli bilinib.

Cinayət Məcəlləsinin 320-ci maddəsi ümumilikdə rəsmi sənədlərin, dövlət təltiflərinin, möhürlərin, ştampların və blankların saxtalaşdırılması, hazırlanması, satılması və ya saxta sənədlərdən istifadə edilməsini əhatə edir.

Məhkəmənin hökmü ilə ona 2 min manat cərimə cəzası təyin edilib.

Seyid