Xəbər lenti

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır
Sağlamlıq 22:03 07.11.2025

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Son illərdə, xüsusilə uşaqlar üçün həyati risk yaradan qızılca hallarının artdığı müşahidə olunur. Dünyanın müxtəlif ölkələrində illər sonra yenidən çoxsaylı yoluxmalar və ölümlər qeydə alınır. Bununla yanaşı, qızılca sağaldıqdan sonra belə təhlükəsini davam etdirən bir xəstəlikdir. İllər sonra tamamilə ölümcül olan "subakut sklerozan panensefalit” (SSPE) adlı beyin iltihabı şəklində yenidən ortaya çıxa bilir. 

Qaynarinfo xəbər verir ki, ABŞ-ın bir neçə ştatında qızılca halları gündən-günə artır, Kanadada isə 2024-cü ilin payızından bəri 5.100-dən çox yoluxma qeydə alınıb. İsraildə davam edən qızılca epidemiyası nəticəsində səkkizinci uşaq həyatını itirib.

Xüsusilə COVİS-19 pandemiyasından sonra uşaqlıq dövrü peyvəndlərinin azalması, ölümcül ola bilən qızılca hallarının bütün dünyada artmasına gətirib çıxarır. 

Pandemiyadan sonra bütün uşaqlıq dövrü peyvəndlərində azalma müşahidə edilib və bu vəziyyət qızılca peyvənd proqramına da təsir göstərib. 1963-cü ildən bu yana qızılca halları və xəstəlikdən ölüm sayı xeyli azalıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, peyvəndlərdən əvvəl hər il dünyada təxminən 2,5 milyon uşaq qızılca səbəbindən ölürdü. Hazırda bu rəqəm 100 min civarındadır. Lakin pandemiyadan əvvəl və sonra olan dövrlər müqayisə edildikdə, təəssüf ki, mənzərə bir qədər ümidsiz görünür.

Məsələn, 2019-cu ildə dünyada birinci doza qızılca peyvəndinin əhatə səviyyəsi 85 faiz idi. 2021-ci ildə bu göstərici 80 faizə düşdü. 2023-cü ildə isə qızılcadan ölüm halları 136 minə çatıb və bu halların 95 faizi peyvəndsiz şəxslərdə qeydə alınıb.

Qızılca tənəffüs yollarını zədələyən, yüksək hərarət və səpkilərlə müşayiət olunan, son dərəcə yoluxucu bir virus xəstəliyidir. Ağır hallarda korluq, sətəlcəm və beyin iltihabı kimi ölümcül fəsadlara səbəb ola bilər.

Təxminən 10 günlük inkubasiya dövründən sonra 40 dərəcəyə qədər yüksələn qızdırma, burun axıntısı, göz qızartısı və öskürək baş verir. Daha sonra ağız içində "Koplik ləkələri” deyilən ağ izlər görünür, ardınca isə üzdən başlayıb bədənə yayılan qırmızı səpkilər əmələ gəlir.

Qızılca bəzi hallarda pnevmoniya (sətəlcəm) və beyin iltihabı kimi ağırlaşmalara səbəb ola bilər. 

SSPE çox yavaş irəliləyən beyin iltihabıdır. Əvvəlcə uşaqda davranış və öyrənmə pozğunluğu yaranır, sonrakı mərhələlərdə əzələ qıcolmaları, danışıq çətinliyi, nəzarətsiz hərəkətlər və epilepsiyaya bənzər tutmalar baş verir. Xəstəlik adətən 1-3 il ərzində ölümcül sonluqla nəticələnir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->