Xəbər lenti

Sloveniya Aİ-də İsraillə silah ticarətini qadağan edən ilk ölkə oldu
Dünya 15:26 01.08.2025

Sloveniya Aİ-də İsraillə silah ticarətini qadağan edən ilk ölkə oldu

Sloveniya İsraillə silah idxalını, ixracını və tranzitini qadağan edərək bu addımı atan Avropa İttifaqının ilk üzv dövləti olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg yazır.

Sloveniya baş naziri Robert Qolob qərarı elan edərkən bildirib ki, fələstinlilər "humanitar yardımdan sistemli şəkildə məhrum edildiklərinə görə ölürlər”.

Onun sözlərinə görə, İsrailin hərəkətləri beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.

"Bütün məsuliyyətli dövlətlər tədbir görməyə borcludur, hətta bu, başqalarından əvvəl addım atmaq demək olsa belə”, – deyə İsraillə bağlı Aİ səviyyəsində konkret tədbirlər çağırışı edən Qolob bildirib.

O vurğulayıb ki, bu məsələdə Brüsseldə "daxili fikir ayrılığı və parçalanma” səbəbindən ölkənin əvvəlki təşəbbüsləri uğursuzluğa düçar olub.

Keçən ay Sloveniya Aİ-nin İsrailin iki siyasətçisini – milli təhlükəsizlik naziri İtamar Ben-Qviri və maliyyə naziri Betsalel Smotriçi – arzuolunmaz şəxs elan edən ilk dövləti olub.

İsrailli siyasətçilərə qarşı sanksiyanı bundan əvvəl Böyük Britaniya və Norveç tətbiq etmişdi, lakin Avropa İttifaqında bu addımı ilk atan məhz Sloveniya olub.

İyulun 30-da isə 15 ölkənin xarici işlər nazirləri sentyabrda BMT Baş Assambleyasında Fələstin Dövlətinin tanınmasına çağıran birgə bəyanat imzalayıblar.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->