Polşa Avropa İttifaqına (Aİ) üzv üç ölkənin sərhəd nəzarətinə başlamasının ardınca, qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində sərhəd nəzarətlərinə start vermə qərarı alıb. Aİ üzvü ölkələr arasında sərbəst hərəkət hüququnu təmin edən Şengen vizası sistemi, Polşanın bu qərarı ilə ciddi təzyiqlə üzləşib.
Qaynarinfo xəbər verir ki, Avropa İttifaqında ifrat sağçı qüvvələrin güclənməsi və qeyri-qanuni miqrantların sayındakı qeyri-mütənasib artım, 1985-ci ildə imzalanan və 1990-cı ildə tətbiq olunan Şengen sərbəst hərəkət sistemini təhdid edir.
Aİ-yə üzv Niderland və Belçikadan sonra Polşa da ictimai narahatlıqlara cavab olaraq Almaniya və Litva ilə olan sərhədlərində nəzarət tədbirləri həyata keçirməyə başlayıb. Bildirilib ki, nəzarətlər 5 avqusta qədər davam edəcək.
Almaniya ilə 52, Litva ilə isə 13 sərhəd keçid məntəqəsinə sahib olan Polşada yüzlərlə polis və hərbçi səfərbər edilib. İlk gündə 800 sərhəd mühafizəçisi, 300 polis, 200 jandarma və 500 könüllü nəzarət prosesində iştirak edib.
Polşadakı ifrat sağçı qruplar Almaniyanı, Aİ qaydalarını pozaraq Polşa üzərindən gələn miqrantları ölkəsinə geri göndərməkdə ittiham edib. Alman rəsmilər isə bu iddiaları rədd edib.
Dünya mediası Polşanın bu addımını, Şengen vizası sistemini təhlükəyə atan addımların son halqası kimi qiymətləndirib və bunu "sonun başlanğıcı" kimi dəyərləndirib.
Polşanın məqsədi: Miqrant qaçaqçıları ilə mübarizə
"The Guardian" nəşrinin məlumatına görə, Polşanın baş naziri Donald Tusk sərhəd nəzarətlərinin Aİ maraqlarına uyğun şəkildə həyata keçirildiyini bildirib: "Bu nəzarətləri almanlar, hollandlar və fransızlar üçün həyata keçiririk. Biz Aİ-nin sərhədindəyik”.
Polşanın daxili işlər naziri Tomaş Syemonyak isə bu tədbirlərin ölkə üzərindən keçən qeyri-qanuni miqrasiyanın qarşısını almağı hədəflədiyini söyləyib. Nəzarətlərin ilkin mərhələdə 30 gün davam edəcəyini bildirən Syemonyak "Almanlar nəzarətləri ləğv etməzsə, biz də davam edəcəyik” deyib.
Nazir həmçinin Litva və Latviya sərhədlərindən keçərək Polşaya daxil olan qeyri-qanuni miqrant sayında ciddi artımın olduğunu qeyd edib. Belarus sərhədində sərtləşdirilən tədbirlərin miqrant axınını başqa marşrutlara yönəltdiyini bildirib.
Nəzarətlərin başlanmasından az əvvəl dörd qeyri-qanuni miqrantın sərhəddə saxlanıldığını deyən Syemonyak, bunun tədbirlərin zəruriliyini sübut etdiyini vurğulayıb. O əlavə edib ki, bu nəzarətlər yalnız miqrant qaçaqçılarına qarşı yönəlib: "Qanuni yollarla səyahət edənlər üçün narahatlığa əsas yoxdur”
Baş nazir Tusk da Syemonyaka dəstək verərək saxlanılan dörd şəxsin daha əvvəl Belarusdan qeyri-qanuni keçid cəhdlərinə görə qeydə alındıqlarını bildirib.
Tusk Almaniyaya qarşı tənqidlərini davam etdirərək deyib: "Yeni tətbiqlə Almaniya tərəfindən geri göndərilən hər bir miqrantın vəziyyəti ətraflı araşdırılacaq. Artıq sərhədi qanunsuz keçmiş, sənədləri natamam və ya şübhəli olan heç kim Almaniya və ya digər ölkədən Polşaya geri göndərilməyəcək”.
Yeni Alman hökuməti fitili alışdırdı
Almaniya, 2023-cü ildə Polşa sərhədində təsadüfi yoxlamalara başlamışdı. May ayında Olaf Şoltsun yerinə keçən Fridrix Merz hökuməti sərhəd nəzarətlərini daha da gücləndirmək qərarına gəlib.
Yeni hökumətin bu addımı, daxili işlər naziri Aleksandr Dobrindtin "sığınacaq axtaranların sərhəddə geri çevrilməsi” anlamına gələn daha ciddi nəzarətləri tətbiq etmə göstərişi ilə böhrana səbəb olub.
Dobrindt 18 iyulda Şengen bölgəsinə artan təzyiqlərə cavab olaraq bir zirvə təşkil edib. Lakin Aİ qaydalarına görə, sərhəd nəzarətləri yalnız ciddi təhlükələr qarşısında və məhdud müddət üçün tətbiq oluna bilər.
Almaniya: Daimi nəzarət istəmirik
Almaniya kansleri Merzin sözçüsü Polşanın qərarları ilə bağlı açıqlama verərək deyib: "Sərhədlərin qeyri-qanuni miqrasiyadan qorunması Almaniyanın, Polşanın və Avropadakı qonşularımızın ortaq maraqlarıdır. Lakin biz daimi sərhəd nəzarətləri istəmirik”.
Alman hökumət nümayəndəsi Knut Abraham bu nəzarətlərin sərhəd bölgəsi üçün "ağır yük” olacağını bildirib: "Bu, Almaniya-Polşa münasibətləri üçün yaxşı gün deyil. Sərhəddə nəzarətlərin artırılması miqrasiya problemini həll etməyəcək”.
Aydın
Şərhlər