XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?
Ekonomiks14:50 22.09.2026

Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?

Azərbaycanda kredit faizlərinin depozit faizlərindəki dəyişikliklərə gec reaksiya verməsinin səbəbləri araşdırılacaq. Növbəti rübdə bu məsələnin daha dərindən təhlil ediləcəyi, həmçinin kapital bazarının kredit faizlərinə təsirinin araşdırılacağı gözlənilir.

Bəs kapital bazarının kredit faizlərinə təsiri hansı mexanizmlər vasitəsilə formalaşır? Azərbaycanda kapital bazarının inkişafı bank kreditlərinin faizlərinin daha çevik formalaşmasına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kapital bazarının kredit faizlərinə əsas təsiri istiqraz bazarı vasitəsilə formalaşır:

“Burada əsas təsir istiqraz bazarındadır. Yəni kapital bazarının kredit faizlərinə təsiri istiqrazlar vasitəsilə olur. İstiqraz borc qiymətli kağızıdır. Kreditdən fərqli olaraq, burada şirkət bankdan borc götürmür.

Məsələn, mən sahibkaram, şirkətim var və vəsaitə ehtiyacım yaranıb. Bankdan kredit götürmək əvəzinə istiqraz buraxıram və deyirəm: "Gəlin mənə borc verin, mən də sizə ildə müəyyən faiz ödəyəcəyəm."

Bu, təbii ki, banklara təsir edir. Banklar görürlər ki, insanlar istiqraz almağa üstünlük verirlər. Bu halda banklar məcbur olurlar ki, faizləri aşağı salsınlar.

Çünki bir tərəfdən şirkət banka müraciət edib kredit götürür. Bank isə həmin vəsaiti, əsasən, vətəndaşların banka yatırdığı pullar hesabına təmin edir. Vətəndaş, məsələn, pulunu 10 faizlə banka yerləşdirir, bank isə həmin vəsaiti şirkətə daha yüksək faizlə, deyək ki, 15 faizlə kredit kimi təqdim edir.

Mən isə birbaşa istiqraz buraxıb, məsələn, 10-11 faiz gəlir təklif edirəm. Vətəndaş da düşünür ki, "Gedib bu şirkətin istiqrazını alım, niyə banka pul qoyum ki?" Beləliklə, vətəndaş birbaşa şirkətə vəsait verir və bank burada vasitəçi rolunu itirir.

Banklar bunu görəndə müştərilərini itirməmək üçün kredit faizlərini aşağı salmağa məcbur olurlar. Kapital bazarının kredit faizlərinə əsas təsiri də budur.

Bütün dünyada faizlərin niyə aşağı olduğunu deyirik? Çünki orada qiymətli kağızlar bazarı, kapital bazarı inkişaf edib və bank bazarı ilə rəqabət aparır”.

Ekspert Azərbaycanda isə kapital bazarının və istiqraz bazarının hələ kifayət qədər inkişaf etmədiyini bildirib:

“Bizdə kapital bazarı, demək olar ki, yoxdur. İstiqraz bazarı da kifayət qədər inkişaf etməyib. Hazırda bəzi istiqrazlar buraxılır. Hətta son illərdə bu istiqamətdə müəyyən addımlar atılıb. Dövlət Neft Şirkəti də istiqraz buraxıb. Amma sual yaranır: kim aldı həmin istiqrazları?

Bizdə bunun niyə inkişaf etmədiyinin bir neçə səbəbi var. Birincisi, qanunvericilik bazamız zəifdir. İkincisi, etimad aşağıdır. Hesabatlılıq və şəffaflıq da kifayət qədər yüksək deyil.

Məsələn, söhbət Dövlət Neft Şirkətindən getmir. Tutaq ki, hansısa özəl şirkət istiqraz buraxır. Xaricdə özəl şirkətlər istiqraz buraxaraq vəsait cəlb edə bilirlər. Bizdə isə belə bir şirkət istiqraz buraxsa, kim ona etibar edəcək?

Qanunvericilik, məhkəmə sistemi, maliyyə hesabatlılığı ilə bağlı problemlər var. Hətta qanunvericilik yaxşı olsa belə, şirkətlərin maliyyə hesabatlarına etibar məsələsi qalır.

Sabah şirkət müflis olduğunu, vətəndaşın pullarını itirdiyini deyə bilər. Bu halda vətəndaş nə edəcək? Hara müraciət edəcək? Qanunvericilik və məhkəmə mexanizmlərinə inam zəifdirsə, maliyyə hesabatlılığı da kifayət qədər şəffaf deyilsə, insanlar öz vəsaitlərini riskə atmaq istəmirlər”.

Əkrəm Həsənovun sözlərinə görə, istiqraz bazarının inkişafı kredit faizlərinin aşağı düşməsinə də təsir edə bilər:

“Ona görə bizdə istiqraz bazarı, demək olar ki, yoxdur. Əgər bu bazar inkişaf etsəydi, təbii ki, faizlər də aşağı düşərdi. Əlbəttə, bunu inkişaf etdirmək lazımdır.

Mərkəzi Bankın fəaliyyət istiqamətlərindən biri də budur. Mərkəzi Bank maliyyə bazarlarının iştirakçılarına nəzarət edir və onların fəaliyyətini tənzimləyir. Buraya bank sektoru, sığorta sektoru və qiymətli kağızlar bazarı, yəni kapital bazarı daxildir. Azərbaycanda isə kapital bazarı hələ kifayət qədər inkişaf etməyib”.

Günay İlqarqızı