Sudanın qərbində baş verən nəhəng torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib və bütün sakinlərini torpaq altında basdırıb. Yerli KİV-in məlumatına görə, yalnız bir nəfər sağ qalıb.
Qaynarinfo AP-a istinadla xəbər verir ki, təbii fəlakətin qurbanlarının sayı 1000 nəfəri keçib. Bu, Afrika ölkəsinin yeni tarixində ən dəhşətli təbii fəlakətlərdən biri sayılır.
Faciə bir neçə gün davam edən leysan yağışlarından sonra Tərəssin kəndində baş verib.
"İlkin məlumata görə, kəndin minlərlə sakini həlak olub. Yalnız bir nəfər sağ qalıb”, – yerli hakimiyyətin açıqlamasında bildirilib.
Məlumata görə, sürüşmə kəndi tamamilə yerlə-yeksan edib. Yerli mediada yayımlanan kadrlarda dağ silsilələri arasında torpaq sürüşməsinin fəsadları və ərazini axtaran insanların görüntüləri yer alır.
Fəlakətin baş verdiyi Tərəssin kəndi, hündürlüyü 3000 metrdən çox olan, vulkanik mənşəli Marra dağlarının mərkəzi hissəsində yerləşir. Bu dağ silsiləsi Ümumdünya İrsi siyahısına daxildir və qonşu ərazilərə nisbətən daha sərin iqlimi və daha çox yağıntısı ilə tanınır.
Alpər
Şərhlər