Sudanlı silahlılar üç həftə ərzində ən azı 60 min nəfəri öldürüb. Daha 150 min nəfər itkin düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.
Yel Universitetinin Humanitar Elmlər Tədqiqat Laboratoriyasının direktoru Nathaniel Raymond Sudanın böyük şəhəri olan Əl-Fəşirdə baş verənlər barədə danışarkən detib: "Bura artıq kəsimxanaya bənzəməyə başlayır".
Onun komandası peyk görüntülərindən istifadə edərək ölkədəki vəziyyəti təhlil edir. Görüntülər dəhşətlidir: Bazarlar boşdur, mal-qara yoxdur. Bir vaxtlar 1,5 milyon insanın yaşadığı şəhər tamamilə boş görünür.
Əl-Fəşir təsəvvürə gəlməyəcək bir cinayətin məkanına çevrilib. "Çevik Reaksiya Qüvvələri (RSF) şəhərə nəzarəti ələ keçirdikdən sonra bütöv məhəllələr "nəhəng cinayət məkanı"na bənzəməyə başlayıb", deyə Reymond bildirir.
Hər yerdə cəsəd dağları, kütləvi məzarlıqlar və yandırma üçün qazılmış xəndəklər görünür. Şəhərin süqutundan altı həftə sonra peyk görüntüləri şübhə yeri qoymur: meyitlər onlarla yığın halında toplanıb, öldürülənlərin bir çoxu böyük xəndəklərdə yandırılıb.
Qeyd edək ki, 2023-cü ilin aprelindən bəri Sudanda vətəndaş müharibəsi gedir. BMT-nin hərbi cinayətlər üzrə araşdırmaçıları Əl-Fəşirə buraxılmır. Yalnız kosmosdan baş verənləri anlamaq mümkündür.
Neçə nəfərin öldüyü dəqiq bilinmir: Tədqiqatçılar yalnız Əl-Fəşirdə və cəmi üç həftə ərzində ən azı 60 min nəfərin qətlə yetirildiyini ehtimal edir. Böyük Britaniya Nümayəndələr Palatasının İnkişaf Komitəsinin sədri Sara Çempion "The Guardian"a bildirib:
"Komitə üzvü Sudanla bağlı məxfi məlumat əldə edib, alimlərdən biri belə deyib: "Ən aşağı qiymətləndirməmiz - son üç həftədə orada 60 min nəfərin öldürülməsidir".
Təxminən 150 min sakin itkin düşmüş sayılır. Bəzilərinin Əl-Fəşir daxilindəki həbs mərkəzlərində saxlanıldığı güman edilir. Qalanların taleyi isə tamamilə naməlumdur. Çox şey onların qaça bilmədiyini göstərir.
Hüquq müdafiəçiləri bunu artıq Sudan vətəndaş müharibəsinin ən dəhşətli hərbi cinayəti adlandırırlar. Onsuz da böyük humanitar fəlakətə çevrilmiş müharibə nəticəsində 32 ay ərzində təxminən 400 min insan həlak olub, 13 milyon nəfər qaçqına çevrilib.
Aydın
Şərhlər