Sumqayıt şəhər İcra Hakimiyyəti 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bulvarda attraksionların qiymətinin 5 manata qaldırılması ilə bağlı məlumata aydınlıq gətirib.
Qurumun mətbuat katibi Eyvaz Qocayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sumqayıt bulvarında fəaliyyət göstərən attraksionlar və əyləncə mərkəzləri fərdi sahibkarlar tərəfindən idarə olunur:
"Bu səbəbdən qiymət siyasəti Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən edilmir və tənzimlənmir. Bu cür halların İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilməsi haqda bildirilənlər reallığı əks etdirmir".
Qeyd edək ki, tanınmış aparıcı Mətanət Əliverdiyeva sosial səhifə hesabında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Sumqayıt bulvarında attraksionların qiymətinin 1 manatdan 3-5 manata kimi qaldırılması ilə bağlı şikayətlənib. Aparıcı buna etirazını bildirdikdə orada qiymətin yuxarıdan tənzimləndiyini vurğulayıblar:
"Ayıb olsun, kiminsə adından istifadə etməyin. Hamısına da şamil etmirəm. Elə işbazlar var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi. Bir evdən 4-5 uşaq gəlir, qiyməti 1 manatdan 3-5 manata qaldırmaq nə deməkdir? Ayıb olsun! Soruşuram ki, sizə kim ixtiyar verib qiyməti qaldırasınız? Cavab verirlər ki, yuxarıdan. Kiminsə adından istifadə etməyin. İnanmıram ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sizə belə göstəriş versin. Əgər belə şey olsaydı, hamısının qiyməti qalxardı. Uşaqlardan istifadə etməyin. Bakıda ən yaxşı attraksionlar pulsuz olub. Ayıb olsun sizə. Heç gözləməzdim".
Bahar Rüstəmli
Şərhlər