Yer kürəsinə hər gün təxminən 44 min kiloqram (48,5 ton) meteorit düşür. Onların çoxu atmosferdə yanaraq parçalanır, bir qismi isə yer səthinə çatır. Əksər hallarda insanlara zərər verməsə də, tarixi sənədlərə əsasən meteorit səbəbindən ölən yeganə insan Osmanlı dövründə yaşayıb.
Qaynarinfo xəbər verir ki, Trakya Universiteti, Ege Universiteti və ABŞ-dakı NASA-SETI İnstitutu alimlərinin Osmanlı arxivlərində apardığı araşdırmalar nəticəsində 1888-ci ildə meteoritin insan ölümünə səbəb olduğu hadisə üzə çıxarılıb.
22 avqust 1888-ci ildə axşam saatlarında İraqın Süleymaniyə bölgəsində güclü meteor yağışı müşahidə olunub. Rəsmi sənədlərdə göydən daşların "yağmur kimi” düşdüyü, bu zaman bir nəfərin həlak olduğu, digərinin isə iflic qaldığı qeyd olunur.
Hadisə o dövrdə o qədər diqqət çəkib ki, Süleymaniyə valisinin göndərdiyi məlumat Sultan II Əbdülhəmidə qədər çatıb. Üç fərqli rəsmi sənəddə hadisə ətraflı təsvir olunub, hətta bir məktubda meteorit parçasının sübut kimi İstanbula göndərildiyi də yazılıb.
Bu qeydlər, meteorit səbəbindən insan ölümünün sənədlərlə təsdiqləndiyi yeganə hadisə kimi elmi ədəbiyyata düşüb.
Aydın
Şərhlər