Bir sıra şirkətlər süni intellektin gözlənilən nəticələri verməməsi səbəbindən daha əvvəl ixtisar etdikləri işçiləri yenidən işə qaytarmağa başlayıblar. Bu, avtomatlaşdırmanın hələlik insan əməyini tam şəkildə əvəz edə bilmədiyini göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "TechSpot” nəşri analitik "Visier” firmasının araşdırmasına istinadən məlumat yayıb.
Araşdırma dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 142 şirkətdəki 2,4 milyon əməkdaş haqqında məlumatı əhatə edib. Nəticələrə görə, işdən azad edilənlərin təxminən 5,3 faizi əvvəlki vəzifələrinə qayıdıb və bu göstərici son illərdə ilk dəfə artım nümayiş etdirib.
Mütəxəssislər bu vəziyyəti yeni süni intellekt alətləri ilə bağlı gözləntilərlə onların əməli nəticələri arasındakı uyğunsuzluqla izah edirlər. Hazırda süni intellekt sistemləri iş yerlərini tam əvəz etmir, sadəcə müəyyən tapşırıqları avtomatlaşdırır.
Süni intellektin tətbiqi infrastruktur, təhlükəsizlik və məlumatların emalı kimi sahələrdə ciddi maliyyə vəsaiti tələb edir. Bu xərclər çox vaxt əvvəlcədən planlaşdırılandan yüksək olur. Nəticədə, "avtomatlaşdırma və kadr azaldılması” planları quran bəzi şirkətlər strategiyalarını yenidən nəzərdən keçirməli olub və kritik bacarıqlara malik işçiləri geri qaytarmağa başlayıblar.
Tədqiqat həmçinin ixtisarların gizli xərclərinə diqqət çəkir. "Orgvue” platformasının hesablamalarına əsasən, hər qənaət edilən 1 dollar üçün təxminən 1,27 dollar əlavə xərclər (məsələn, kompensasiya, sığorta və yeni işçilərin təlimi) tələb olunur. Yəni süni intellektə əsaslanan qənaət məqsədli ixtisarlar uzunmüddətli perspektivdə səhv addım ola bilər.
Məsələyə MIT tədqiqat qrupunun son hesabatı da işıq salır. Sənədə əsasən, süni intellektə sərmayə qoyan şirkətlərin 95 faizi bu investisiyalardan real maliyyə gəliri əldə etməyib. Əsas problemlərdən biri, mövcud süni intellekt agentlərini konkret biznes tapşırıqlarına uyğun şəkildə yenidən təlimləndirməyin çətinliyidir.
Aydın
Şərhlər