Dünya Kuboku həyəcanı bütün sürəti ilə davam edərkən, futbol dünyasının diqqəti 19 iyulda keçiriləcək böyük finala doğru irəliləyən komandaların üzərində cəmlənib. Yaşıl meydanlarda gərgin mübarizə gedərkən, texnologiyanın ən müasir imkanları da kuboku kimin qazanacağına dair proqnoz yarışına qoşulub.
Qaynarinfo xəbər verir ki, Liverpul Universitetindəki alimlər tərəfindən hazırlanmış Superkompüter turnirin bütün mərhələlərini 1.000 dəfə simulyasiya edərək ölkələrin çempionluq ehtimallarını hesablayıb. Süni intellekt dəstəkli bu modelin nəticələrinə görə turnirin ən böyük favoriti 26,1 faiz qalibiyyət ehtimalı ilə İspaniya olub.
Siyahının ikinci pilləsində 17 faizlə İngiltərə yer alır. Onları 13,5 faizlə Fransa, 12,4 faizlə Argentina və 10,6 faizlə Portuqaliya izləyir. Araşdırma qrupundan doktor Benjamin Holms bildirir ki, model onların bahis şirkətlərinin proqnozları ilə paralel şəkildə İspaniyanı ön sırada göstərir. Lakin Holms simulyasiyalarda ən diqqətçəkən sürprizin 3,6 faiz çempionluq ehtimalı verilən Norveç olduğunu və bu komandanın turnirin "gizli favoriti” hesab edildiyini vurğulayır.
Superkompüter matç nəticələrini və kubokun sahibini müəyyən etmək üçün ən son maşın öyrənməsi texnologiyalarından istifadə edir. Sistem yalnız futbolçuların fərdi keyfiyyətini deyil, onların meydanda necə uyğunlaşdığını da dərindən analiz edir. Bu modelin arxasında güclü bir referans da var: eyni alqoritm AVRO-2024-də İngiltərənin turniri ikinci yerdə bitirəcəyini dəqiq proqnozlaşdırmışdı.
Doktor Benjamin Holms AVRO-2024-dən sonra simulyasiya modelinin yeni funksiyalarla əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini bildirib. Sistemə artıq zədələr, cəzalı oyunçular, qol vuran futbolçular, hətta üç fərqli ölkəyə yayılan turnirdə hava şəraiti və hündürlük kimi nəticəyə birbaşa təsir edən ətraf mühit faktorları da daxil edilib.
"Qızıl" buts mükafatı üçün də proqnozlar hazırdır
Turnirin ən çox qol vuran futbolçusuna verilən "Qızıl buts” üçün də ehtimallar açıqlanıb:
* Erlinq Holand (Norveç): 19 faiz (ən böyük namizəd)
* Harri Keyn (İngiltərə): 12,2 faiz
* Cud Bellingem (İngiltərə): 0,5 faiz
Elmi modellər İspaniya və İngiltərə üzərində cəmlənir
Bu texnoloji proqnozlar İnsbruk Universiteti mütəxəssislərinin 48 komandanın məlumatlarını analiz etdiyi digər müstəqil tədqiqatlarla da böyük ölçüdə üst-üstə düşür. İnsbruk komandasının modelində də İspaniya 14,5 faizlə birinci, İngiltərə isə 12,4 faizlə ikinci yerdə qərarlaşıb.
Araşdırmaçılar əvvəlki turnirlərlə müqayisədə bu il çempionluq yarışının daha sıx və gərgin keçdiyini bildirirlər. Siyahının sonunda isə çempionluq ehtimalı ən aşağı komanda kimi İordaniya göstərilir.
Veri mütəxəssisləri statistik olaraq ən böyük favorit komandanın belə qalibiyyət ehtimalının adətən 20 faizi keçmədiyini, bunun isə digər komandaların birlikdə 80 faiz şansının olduğunu göstərdiyini xatırladırlar. Alimlər üçün əsas maraqlı məqam tək bir qalibi tapmaqdan çox, turnirin sonuna qədər gedəcəyi proqnozlaşdırılan komandaların həqiqətən bu nəticəni verib-verməyəcəyidir.
Aydın
Şərhlər