Xəbər lenti

Ölkə 14:38 22.12.2022

Sürücülük vəsiqəsi üçün imtahanı kim keçirməlidir: DİM, yoxsa DYP?

"Sürücülük vəsiqəsi üzrə test imtahanını Dövlət İmtahan Mərkəzi (DİM) həyata keçirə bilər. Bu sahədə bacarıqların yoxlanılmasını isə Dövlət Yol Polisinin (DYP) iştirakı olmadan özəl, müstəqil qurumlar həyata keçirməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov DİM rəhbəri Məleykə Abbasovanın müraciət olarsa sürücülük vəsiqəsinin verilməsi üzrə imtahanları da keçirə biləcəkləri barədə söylədiyi fikirlərinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, DİM sürücülük vəsiqələrinin verilməsilə bağlı imtahanların test mərhələsini keçirə bilər:

"DYP Polisi tərəfindən həyata keçirilən sürücülük vəsiqəsi imtahanlarına kifayət qədər kənar müdaxilələr mövcuddur. Bunun nəticəsidir ki, yol-nəqliyyat hadisələri artmaqda davam edir. Ona görə də, sürücülük vəsiqəsinin verilməsi qaydası dəyişməlidir. Bu məsələdə kompleks dəyişiklik edilməlidir. DİM sürücülük vəsiqələrinin verilməsilə bağlı imtahanların test mərhələsini keçirə bilər. "Yol hərəkəti haqqında” qanunu əzbərləmək və 10 suala cavab verməklə proses bitmiş hesab olunur”. 
 


Ekspertə görə, sürmə bacarığının yoxlanılmasını DİM həyata keçirə bilməz: 

"Məsələnin mahiyyəti odur ki, burada prosesin bilik deyil, bacarıq hissəsi yoxlanılmalıdır. DİM-in təqdim etdiyi test tapşırıqları isə imtahan iştirakçılarının yalnız biliyini yoxlaya bilər. Bacarıqların yoxlanılması isə tamamilə fərqli situasiyadır. Problem imtahanda deyil, bacarıqların yoxlanılmasındadır. Bu fonda yol hərəkəti qaydalarının ən az pozulduğu ölkələrin təcrübəsini tətbiq etməliyik”. 

Həmsöhbətimizin fikrincə, sürücülük vəsiqəsi almaqdan ötrü bacarıqların düzgün yoxlanılması üçün prosesi Dövlət Yol Polisi deyil, özəl, müstəqil qurum həyata keçirməlidir:

"Dövlətə hüquqi bağlılığı olmayan bir neçə qurum bu prosesi təşkil etməlidir”. 

Qeyd edək ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbasova mətbuata açıqlamasında müraciət olunacağı təqdirdə qurumun sürücülük imtahanlarını keçirə biləcəyini bəyan edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->