Xəbər lenti

Tehranın mərkəzində terror: 200 il sonra təkrarlanan tarix, Azərbaycana qarşı yönələn nifrət...
Siyasət 15:04 28.01.2023

Tehranın mərkəzində terror: 200 il sonra təkrarlanan tarix, Azərbaycana qarşı yönələn nifrət...

Azərbaycan müstəqillik əldə etdikdən sonra İranla münasibətlərdə yaxın qonşuluq, ümumi mədəni, tarixi və dini dəyərlər prinsipindən çıxış etsə də, Tehran daima Bakını özünə təhlükə sayıb.

İranda dövlət yaradan iki əsas etnosdan birinin türklər olması, Azərbaycanın da bir türk dövlət kimi mövcudiyyəti Cənub qonşumuz üçün həmişə kabus rolunu oynayıb. Hərçənd Azərbaycan indiyə qədər İrana ərazı iddiası etməyib. Orda yaşayan türklər isə diskrimnasiyaya məruz qalmalarına rəğmən, ölkənin parçalanmasına yönəlik ciddi fəaliyyətlə məşğul olmayıblar. Onların tələbləri İran çərçivəsində təməl hüquqlarının tanınması, həmçinin mövcud teokratik rejimin mürtəce siyasətinə son qoyulmasından o yana keçməyib. 

44 günlük müharibədən sonra İran Azərbaycana qarşı siyasətini daha da aqressivləşdirib. Nəticədə dünən Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədilib. İran rəsmiləri hadisəni məişət zəmnində baş vermiş insident kimi qələmə verməyə çalışsa da, olayın terror aktı olduğu gün kimi aydındır.  

Baş verənləri Qaynarinfo-ya şərh edən siyasi analitik Rauf Mirəqdirov da hesab edir ki, hadisənin terror aktı olması şübhəsizdir. Analitikin fikrincə, İranın hadisəni məişət zəmnində baş vermiş insident kimi təqdim etməsi təkcə məsuliyyətdən qaçmaq üçün düşünülmüş motiv deyil. Mirəqdirov deyib ki, hazırda İranda zorakılıq və nifrət həyat normasına çevrilib: 

"Bu gün İranda zorakılıq və nifrət icitmai-siyasi proseslərdə əsas amildir. Belə hallarda zorakılıq və nifrət bütün sahələrə sirayət etmiş olur. Qanunlar, normalar arxa plana keçir və hamı hamıya qarşı prinsipi ilə yaşamağa başlayır. Baxın, gözümüzün qarşısında İrandakı aksiyalarda 500-ə yaxın insan öldürülüb. Onların arasında qocalar, məktəblilər, hətta məktə yaşı çatmayan uşaqlar da var. 

İran rəsmilərinin elan etdiyi motiv nifrət amilini daha da qızışdırmağa yönəlib. Söhbət bu dəfə Azərbaycan səfriliyinə, Azərbaycana qarşı nifrət yaradılmasına yönələn motivdən gedir. İranın hüquq-mühafizə orqanları iddia edir ki, terror aktını törədən şəxs arvadının səfilikdə saxlanılması ilə bağlı belə bir addım atıb. Beləliklə, növbəti nifrət hədəfi və növbəti zorakılıq üçün zəmin yaradılır”.

Rauf Mirqədirov bildirib ki, elan edilən motiv heç bir halda ciddi qəbul oluna bilməz: 

"Adam deyir ki, guya yoldaşı 2022-ci ilin aprelindən yoxa çıxıb. Az qala üzərindən bir il keçəndən sonra bu adam arvadını "xilas” etməyə gəlib. Bu heç bir halda inandırıcı görünmür. Əvvəla, doğrudan da belə hadisə baş vermişdisə, nədən həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət etməyib? Səfirliklərin yerləşdiyi ərazilərdə müşahidə kameraları olub. Həmin kameralar vasitəsi ilə o adamın yoldaşının səfirliyə daxil olub-olmaması aydınlaşdırıla bilərdi. Amma bütün bunlar edilmir və terror aktını törədən şəxs az qala bir ildən sonra əlində "Kalaşnikov” avtomatı ilə səfirliyə gəlir, qarşısına keçənə atəş açır. Kifayət qədər qeyri-ciddi motivdir”.

Mirqədirov 200 il əvvəl Rusiyanın İrandakı səfirliyinə qarşı baş vermiş olayı xatırladaraq, hadisənin əvəlcədən planlaşdırıldığının şübhə doğurmadığını bildirib: 

"200 il əvvəl də Rusiyanın İrandakı səfirliyinə qarşı oxşar hadisə baş vermişdi. Həmin vaxt da motiv bu idi ki, səfirlikdə bir qadın saxlanılır.  Görürsünüz, motiv oxşardır. Sanki hadisənin əvvəlcədən planlaşdırıldığına işarə vurulur və şübhə doğurmur ki, belə də olub”.

Hadisənin gerçək səbəblərinə gəlincə, Rauf Mirəqdirov müxtəlif səbəblərin ola biləcəyini deyir: 

"Terror aktı Azərbaycanın İsraildə səfirlik açmasından sonraya təsadüf edir və bu suallar doğurur. Digər tərəfdən, Cənubi Qafqaz regionunda çox maraqlı hadisələr baş verir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsindən imtina edir. Əvəzində Avropa İttifaqının mülki missiyasına razılıq verir. Azərbaycan da prinsip etibari ilə Avropa İttifaqının missiyasına qarşı deyil. Sadəcə Bakının müəyyən iradları var ki, onların nəzərə alınmasını istəyir. Bəs Avropa İttifaqının missiyasının bölgəyə gəlməsinə kim qarşıdır? Cavab aydındır: Rusiya. Bu məsələyə kəskin reaksiya məhz Moskvadan gəldi. Rusiya hazırda Ermənistandan da, Azərbaycandan da narazıdır. Hazırda bölgədə gərginliyin artırılmasında da məhz Rusiya maraqlıdır. Bu baxımdan, hadisədə Rusiyanın da rol olması mümkündür. Rusiyanın xarici siyasətdə bu tip aktlarda istifadə etməsinin kifayət qədər şahidi olmuşuq”.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->