Keçmiş superağır çəki üzrə dünya çempionu Tayson Fyuri bildirib ki, ukraynalı çempion Aleksandr Usiklə daha bir döyüş keçirməyi qəti şəkildə planlaşdırmır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "FurociTV"yə verdiyi müsahibədə danışıb.
Britaniyalı boksçunun sözlərinə görə, Usiklə üçüncü döyüşün heç bir mənası yoxdur. Fyuri vurğulayıb ki, bu qarşılaşma üçün böyük qonorar təklif olunsa belə, rinqə qayıtmaq fikrində deyil.
"Döyüşümüzdən sonra mən Usiklə danışmamışam, amma bilirəm ki, o, müəyyən sözlər deyib. Pis yox, əksinə, yaxşı sözlər. Guya üçüncü döyüşə qarşı deyil. Əlbəttə, bu həm onun, həm də mənim üçün böyük gəlir ola bilərdi. Amma indi bunun mənim üçün nə mənası var? Əgər mənə daha 100 milyon ödəsəniz, bununla nə edəcəyəm ki?”, deyə Fyuri bildirib.
Britaniyalı əlavə edib ki, o, həm həyatda, həm də karyerasında arzuladığı hər şeyə nail olub. O, kifayət qədər pul qazandığını və artıq təqaüdə çıxmaq üçün əsasının olduğunu qeyd edib.
"Bu, mənim həyatımı dəyişməyəcək. Uşaqlarımın və nəvələrimin həyatını da dəyişməyəcək. Bu, sadəcə onları korlayacaq və fərqli insanlara çevirəcək”, deyə Fyuri izah edib.
Bundan əvvəl superağır çəki üzrə mütləq dünya çempionu Aleksandr Usikin komandasının direktoru Sergey Lapin bildirmişdi ki, ukraynalı boksçu 2026-cı ilin birinci yarısında rinqə qayıtmağı planlaşdırır və Cozef Parker – Fabio Uordli döyüşünün qalibi ilə qarşılaşacaq. O, Usikin zədədən bərpasının uğurla davam etdiyini vurğulayıb.
Bundan başqa, keçmiş IBF və WBA çempionu Pol Malinyacci də Usikin gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, ukraynalı boksçu karyerasında artıq inanılmaz səviyyəyə çatıb.
Alpər
Şərhlər