ABŞ Müdafiə Nazirliyi artıq az sayda, lakin çox bahalı silah almaq praktikasından tədricən uzaqlaşır və çoxlu sayda ucuz silah istehsalı prinsipinə keçir.
Qaynarinfo xəbər verir ki, yüksək vəzifəli Amerika hərbçilərinin fikrincə, ABŞ ilə Çin arasında Tayvan uğrunda müharibə bu onilliyin sonuna qədər başlaya bilər.
"Business Insider” nəşrinin yazdığına görə, Pentaqonda anlayırlar ki, hazırkı raket ehtiyatları belə bir münaqişə zamanı cəmi bir neçə günə tükənə bilər.
Məqalədə qeyd olunur: "Hərbi ssenarilər göstərdi ki, Tayvan uğrunda qızğın döyüşlər zamanı ABŞ ordusu uzaqmənzilli, yüksək dəqiqlikli sursatlarını bir həftədən az müddətdə sərf edə bilər. Müharibə qızışdığı vaxtda bu cür sursatların istehsalını və tədarükünü artırmaq həm sənaye, həm də büdcə üçün ciddi yük yaradacaq".
Ucuz və çoxsaylı silah istehsalına keçid
Bu problemi aradan qaldırmaq üçün Amerika müdafiə şirkətləri indi daha sadə və ucuz silah istehsalına yönəlirlər. Ötən il "Anduril” şirkəti müxtəlif ölçülərdə və gücdə "Barracuda” adlı qanadlı raket ailəsini təqdim edib. Şirkət nümayəndələrinin bildirdiyinə görə, 2026-cı ilin yanvarında açılacaq yeni zavod bir növbədə təxminən 2000 "Barracuda” raketi istehsal edə biləcək.
Bundan bir neçə ay əvvəl "Mach Industries” şirkəti Pentaqondan "Viper” adlı, şaquli qalxış imkanına malik strateji hücum raketinin hazırlanması üçün müqavilə alıb. Mütəxəssislər hesab edirlər ki, bu raketin kütləvi istehsalı zamanı hər ədədinin qiyməti 100 min dollardan aşağı olacaq.
"Business Insider” yazır: "ABŞ Müdafiə Nazirliyi və digər qurumlar getdikcə daha çox anlayırlar ki, münasib qiymətə kütləvi şəkildə istehsal oluna bilən müxtəlif sursatların böyük ehtiyatlara malik olması, məhdud sayda bahalı sistemlərə sahib olmaqdan daha vacibdir".
Yaxın Şərq və Ukraynadan dərslər
Pentaqon bu nəticəyə son aylarda Yaxın Şərqdəki toqquşmalar zamanı da gəlib. Qısa müddətli qarşıdurma zamanı Yəməndəki husilər və İranla yaşanan gərginlik ABŞ-ın zenit-raket ehtiyatlarını tezliklə tükətdi. Oxşar vəziyyət Ukrayna müharibəsində də müşahidə olundu — xüsusən "Patriot” sistemləri üçün raketlər sürətlə azaldı. İndi amerikalılar "Tomahawk” raketlərinin ehtiyatlarının da nə qədər tez tükənə biləcəyi barədə düşünürlər.
Silahlanmada yeni yanaşma
Ekspertlər bildirirlər ki, bu tendensiya ABŞ müdafiə sənayesində yeni mərhələnin başlanğıcıdır. Artıq məqsəd az sayda texnoloji cəhətdən mükəmməl silah deyil, çoxlu sayda etibarlı və münasib qiymətli sursat istehsal etməkdir.
Aydın
Şərhlər