"Telegram”ın təsisçisi Pavel Durovun fəaliyyəti terror fəaliyyətinə kömək etmək ittihamı ilə araşdırılır
Qaynarinfo xəbər verir ki, bu barədə dövlət nəşri "Rossiyskaya qazeta” yayıb.
Xəbərdə qeyd olunur ki, Durovun hərəkətləri Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci bəndi – "terror fəaliyyətinə kömək” maddəsi üzrə araşdırılır. Nəşrin məlumatına görə, bu maddəyə əsasən iş Rusiya FSB-nin materialları əsasında açılıb.
Məqalədə iddia olunur ki, "Telegram”da "anonimlik illüziyası” radikallar, narkomanlar, qatil və terrorçular ordusunu cəlb edib və bu da cəmiyyət üçün təhlükə yaradıb.
Xatırladaq ki, 10 fevralda Rusiya yenidən "Telegram”ın fəaliyyətini "zəiflətməyə” başlayıb. Roskomnadzor hesab edir ki, Telegram sistemli şəkildə rusiyalıların şəxsi məlumatlarına müdaxilə üçün infrastruktur yaradır.
Telegram isə öz növbəsində heç bir şifrələmə pozuntusu aşkar etmədiyini bildirib və rus hakimiyyətinin iddialarını – xarici kəşfiyyat xidmətlərinin rus hərbçilərinin göndərdiyi mesajları görə biləcəyi iddiasını rədd edib.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında Durov Fransada saxlanılmışdı. Həmin vaxt ona narkotiklərin yayılmasına kömək, kiber cinayətlərdə iştirakı və uşaqların pornoqrafiyasının yayılması ilə bağlı ittihamlar irəli sürülmüşdü.
Günay
Şərhlər