"İnsanlar çox zaman riskləri düzgün qiymətləndirmədən, vərdişə əsaslanan və ya tələsik qərarlar verərək yol hərəkəti qaydalarını pozurlar".
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov yol hərəkəti qaydalarını pozan piyadaların piyada keçidi olmayan yerlərdən keçərkən həyatını itirməsi və öz ölümlərinə doğru qaçmasının səbəbini izah edərkən deyib.
Psixoloq vurğulayıb ki, tanış mühit olduqda insan "mən bu yolu tanıyıram" düşüncəsi ilə piyada keçidindən istifadə etmədən yolu qısaltmağa çalışırlar:
"Bu isə diqqətin zəifləməsi, sürücünün məsafəsinin düzgün hesablanmaması və təhlükənin dərk olunmaması ilə nəticələnir. Digər tərəfdən, müasir həyat tərzi də bu davranışlara təsir edir. Tələsiklik, gündəlik stress, diqqətin mobil cihazlara yönəlməsi kimi faktorlar insanın situasiyanı adekvat qiymətləndirməsini zəiflədir. İnsan özünü təhlükəsiz hiss etdiyi anda belə əslində risk zonasında olur. Bu, şüurlu şəkildə təhlükəyə getmək deyil, daha çox diqqət və davranış nəzarətinin zəifləməsidir".
Elnur Rüstəmov hesab edir ki, bu baxımdan əsas yanaşma maarifləndirmə və davranış mədəniyyətinin formalaşdırılmasıdır:
"Yol hərəkəti qaydaları sadəcə texniki tələblər deyil, insan həyatını qoruyan psixoloji təhlükəsizlik çərçivəsidir. Piyada keçidindən istifadə, işıqfor siqnallarına riayət və diqqətli davranış insanın özünü qoruma instinktinin düzgün istiqamətləndirilməsidir".
Elnur Rüstəmovun sözlərinə görə, cəmiyyətdə bu davranışların normaya çevrilməsi həm fərdi, həm də ictimai təhlükəsizliyin əsas şərtidir.
Bahar Rüstəmli
Şərhlər