Xəbər lenti

Təyyarə var mal gətirər, təyyarə var xal...
Amal Abuşov
İdman 15:33 20.06.2023

Təyyarə var mal gətirər, təyyarə var xal...

2016-cı ilin noyabrında Azərbaycan millisi Şimali İrlandiyanın paytaxtı Belfasta səfərə getmişdi. Robert Prosineçkinin başçılıq etdiyi komandamız Belfastda rəqibinə 0:4 hesabıyla məğlub olmuşdu. Bununla da AFFA-nın ortaya atdığı "niyə də yox” şüarı xülyaya çevrilmiş, şirin xəyallar ciddi zərbə almışdı.

Həmin məğlubiyyətdən dərhal sonra AFFA-nın o vaxtkı baş katibi Elxan Məmmədov mikrofonlar önünə keçmiş, ağır məğlubiyyətə don geyindirməkdən ötrü nağıllar uydurmağa başlamışdı. Məmmədovun Belfastda söylədiklərindən bəzi sitatlara diqqət yetirək: "Bu, futboldur, hər oyunda xal qazanmaq demək olar ki, mümkün deyil. Lakin bu hesabla uduzmaq hər birimizi, azarkeşlərimizi, komandamızı, futbolsevərlərimizi reallığa endirdi. Artıq onu göstərdi ki, böyük arzuya çatmaq üçün hər oyuna çox ciddi hazırlaşmaq lazımdır. Biz bu seçmə mərhələyə 4 il sonrakı böyük yarışa hazırlıq məqsədi ilə yanaşdıq. 4 oyundan sonra görünür ki, mübarizəni çox yüksəkdə başa vura bilərik. Niyə də yox?!” 
Necə deyərlər, sitatın sonu.

Elxan Məmmədov 4 il sonranı nişan verəndə 2020-ci ildə keçiriləcək Avropa çempionatını nəzərdə tuturdu. İddia edirdilər ki, dörd oyunu Bakıda təşkil olunacaq qitə çempionatına düşmək bizim üçün realdır və Azərbaycan millisi bu hədəf uğrunda mübarizə aparacaq. Avropa çempionatının seçmə oyunları keçdi, dünya çempionatının seçmə mərhələsi də onun kimi. Hələ Millətlər Liqasını demirəm. Hamısı da bizim üçün uğursuzluqla nəticələndi. Nə sirri-xudadısa, AFFA-nın əcnəbi mütəxəssislərə olan sevgisi bitib-tükənmək bilmədi. Xorvat Nikola Yurçeviçlə, italyan Canni De Byazi ilə seçmə mərhələlərdə bir xal toplamağımız belə AFFA-nın başında oturanların gözünü açmadı. Rəzalət hələ də davam edir.

Millimizin 2016-cı ildə Belfasta etdiyi səfər İngiltərə mətbuatının da diqqət mərkəzinə düşmüşdü. AFFA azarkeş, rəsmi şəxslər adıyla bir qrup adamın qohum-əqrabasını Belfasta aparmışdı. Həmin "qonaqlar” da fürsəti fövtə verməyib, əməlli-başlı alış-veriş etmişdilər. Millinin təyyarəsiylə Şimali İralndiyanın paytaxtından Bakıya xeyli elektronika məhsulları, o cümlədən səkkiz ədəd televizor gətirilmişdi. Həmin vaxt "Sky Sport” yazırdı ki, Belfastdakı elektrotexnika mağazalarının birindən milli komandamız üçün 8 ədəd televizor alınıb, televizorlar oyun başa çatdıqdan sonra millimizi gətirən təyyarəyə yüklənib. O da qeyd olunurdu ki, televizorların ümumi dəyəri 12 min funt-sterliqdir.

Dünən axşam Qazaxıstan millisi həmin o Belfastda yerli azarkeşləri, eləcə də bütün dünyanı şoka saldı. Danimarka qarşısındakı əzmkar qələbəsiylə adından söz etdirən qazaxlar bu dəfə səfərdə Şimali İrlandiyanı məğlub etdilər. Aktivində 9 xal olan qazax qardaşlarımız yer aldıqları qrupa Finlandiya ilə birlikdə şərikli liderlik edirlər. Adam bu yerdə "niyə də yox” şüarını AFFA-ya başqa formada ünvanlamaq istəyir, "niyə bizim bu cür milli komandamız yoxdur” sualına cavab tapmaq istəyirsən.

Cavab aydındır. Boşa verilən illər, ciblərə axıdılan milyonlar. Qazaxların milli komandasını daşıyan təyyarə səfərdən gələndə xal gətirir, bizimkilərin təyyarəsi isə televizor. Fərqi axtarmağa elə burdan başlamaq lazımdır.

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->