Xəbər lenti

Tiflislə Berlin arasında gərginlik: Almaniya Kavelaşvilini prezident kimi tanımır?
Dünya 17:07 28.04.2026

Tiflislə Berlin arasında gərginlik: Almaniya Kavelaşvilini prezident kimi tanımır?

Gürcüstan Xarici İşlər Nazirliyi Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi saytında Gürcüstan prezidenti kimi keçmiş dövlət başçısı Salome Zurabişvilinin göstərilməsi ilə bağlı ikinci nota göndərib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Imedinews” agentliyi Gürcüstan diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tiflisdən Berlinə ünvanlanan sənəddə 9 aprel tarixli əvvəlki notadan sonra da Almaniya XİN-in saytında Gürcüstan rəhbərliyi ilə bağlı məlumatların yenilənmədiyi vurğulanır. Bildirilir ki, 2024-cü ilin oktyabrında keçirilən parlament seçkiləri və dekabrda baş tutan prezident seçkilərindən sonra rəsmi məlumatlar yenilənməyib.

Notada qeyd olunur ki, 2024-cü il 29 dekabrda parlament tərəfindən Mixail Kavelaşvili Gürcüstan prezidenti seçilib, xarici işlər naziri vəzifəsini isə Maka Boçorişvili tutur.

Bununla belə, Almaniya XİN-in saytında hələ də Gürcüstan prezidenti kimi 2018–2024-cü illərdə bu vəzifəni icra etmiş Salome Zurabişvili göstərilir. Xarici işlər naziri kimi isə əvvəlki nazir İliya Darçiiaşvili qeyd olunub.

Almaniyanın Tiflisdəki səfiri Peter Fişer bu uyğunsuzluğu "texniki problem” kimi izah edib. Lakin Gürcüstanın baş naziri İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili bu vəziyyətin təsadüfi olmadığını düşünərək, Almaniya XİN-in məlumatı qəsdən yeniləmədiyini iddia ediblər.

Onların fikrincə, bu yanaşma Gürcüstan müxalifətinin mövqeyi ilə üst-üstə düşür və hazırkı prezident və parlamentin legitimliyini şübhə altına almaq məqsədi daşıyır.

Salome Zurabişvili isə 2024-cü il seçkilərini "Rusiya modelinə bənzər şəkildə tam saxtalaşdırılmış” adlandırıb və yalnız özünü ölkənin legitim prezidenti hesab etdiyini bildirib.

Aydın
--> -->