Dünya 16:20 05.01.2024

Tramp Çin və digər ölkələrdən milyonlarla dollar almaqda ittiham edildi

ABŞ Konqresinin Nümayəndələr Palatası keçmiş prezident Donald Trampı vəzifədə olarkən Tramp Təşkilatına ödənişlər yolu ilə xarici hökumətlərdən, o cümlədən Çindən 7,8 milyon dollardan çox pul almaqda ittiham edib. 

Qayanrinfo xəbər verir ki, bu barədə "Fox News" yazıb.

Materialda qeyd edilir ki, məbləğin böyük hissəsi Çin hökuməti və onun dövlət müəssisələrindən, qalanı isə Səudiyyə Ərəbistanı, Küveyt və Qətər də daxil olmaqla 19 başqa ölkədən daxil olub.

Mətndən məlum olur ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi Trampın ABŞ Konstitusiyasını dəfələrlə pozduğunu iddia edən 156 səhifəlik hesabat dərc edib. Federal məmurlar Konqresin təsdiqi olmadan xarici nümayəndələrdən hədiyyə və ya nağd pul qəbul edə bilməz.

"Komitənin əldə etdiyi məhdud məlumatlar göstərir ki, Donald Tramp vəzifədə olarkən Çin hökumətindən və Çin dövlət müəssisələrindən 5,5 milyon dollardan çox, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər və digər 19 xarici hökumətdən milyonlarla dollar alıb", deyə qeyd edilir.

2023-cü ilin yayında Trampa qarşı bir neçə cinayət işi, o cümlədən 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi, 2020-ci il seçkiləri və keçmiş ABŞ prezidentinin Mar-a-Laqo malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı ittiham irəli sürülüb. Siyasətçi özü bütün hallarda təqsirli olduğunu inkar edir, ona qarşı aparılan araşdırmaları hazırkı prezident Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. KİV-in məlumatına görə, Tramp tərəfdarlarına xəbərdarlıq edib ki, onu bütün ittihamlar üzrə 561 il həbs gözləyir.

Aydın