Xəbər lenti

Tramp Putini necə tələyə saldı? -
Dünya 14:36 28.06.2025

Tramp Putini necə tələyə saldı? - "The Telegraph"ın təhlili

Rusiya İranla bağlı vəziyyətə qarışmaqdan çəkinir və ABŞ-ın hücumlarını pisləmək, iran xalqına qeyri-müəyyən yardım vədləri verməkdən başqa, Vladimir Putin Tehrana konkret hərbi texnika göndərilməsi barədə heç bir açıqlama verməyib. Bu, yanvar ayında Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlığı da əhatə edən hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanmasına baxmayaraq, baş verir. 

Qaynarinfo xəbər verir ki, bunu "The Telegraph" üçün yazdığı məqalədə Rebekka Koffler qeyd edib.

Müəllifin fikrincə, Rusiyanın İrana real dəstək göstərə bilməməsi onun "guya dəyərli müttəfiqini” itirməsinə gətirib çıxara bilər. Moskva bu dostluğu hər dəfə Qərbə hədə-qorxu gəlmək istəyəndə qorxu vasitəsi kimi göstərməyi xoşlayır.

Lakin Kofflerin fikrincə, əgər Putin Tehrana yenidən silahlandırılmaqda yardım göstərsəydi – məsələn, yeni hava hücumundan müdafiə sistemləri təqdim etməklə – bu, yəqin ki, ABŞ Prezidenti Donald Trampı qəzəbləndirərdi. Belə olan halda Tramp Ukraynaya silah tədarükünü artırmaq qərarına gələ bilərdi.

Rusiyalı politoloq Fyodor Lukyanov Putinin heç nə etməmək qərarının arxasında dayanan məntiqi açıqlayıb: "Rusiya Federasiyasının İranla strateji tərəfdaşlığı var və ABŞ administrasiyası ilə çox həssas, amma mühüm münasibətlər inkişaf etməyə başlayıb”. 

O əlavə edib ki, Putinin İsrail rəhbərliyi ilə də işgüzar münasibətləri var və Kremlin planlarında seçim etmək "aydın şəkildə nəzərdə tutulmamışdı”.

Koffler qeyd edib ki, Putin uzun müddətdir İran və İsrail arasında ehtiyatlı balansı qoruyur – aydın tərəfdaşlıqla ayətullalara, gizli ittifaqla isə İsrailə yaxın durur. Bu iki istiqaməti Rusiya üçün Yaxın Şərqdə geosiyasi təsirin mühüm elementləri sayır.

O yazıb ki, Putin İrana riyakarlıqla dəstək verir – diplomatik "mahnı və rəqs” vasitəsilə. Müəllif xatırladıb ki, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən bir gün sonra Kremlə səfər etmiş İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi ilə görüşdə Putin İran xalqına dəstək vəd etmişdi, lakin silah göndərilməsini təsdiqləməmişdi.

"Putinin İrana birbaşa yardım göstərməmək qərarı xüsusilə ona görə diqqətəlayiqdir ki, İran Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə üçün böyük həcmdə silah göndərib. Bu silahlar arasında yaxın mənzilli ballistik raket sistemləri, Fath-360 raket kompleksi və Shahed-136 və Shahed-131 kamikadze dronları var. İranın bu yardımı Rusiya ordusunun daha uzaqmənzilli və müasir raketləri digər məqsədlər üçün ehtiyatda saxlamasına imkan verib ki, bu da Ukraynaya qarşı arsenalın daha effektiv istifadə edilməsinə şərait yaradıb”, deyə Koffler yazır.

O vurğulayıb ki, Moskvanın qarşılıq verməməsi Putinin ABŞ-ın Ukraynaya dəstəyini artırması ehtimalından ciddi şəkildə narahat olduğunu göstərir.

"Bu həm də onu göstərir ki, Tramp gizli şəkildə kartları yığıb vaxtı gələndə Putinə qarşı oynamaq niyyətindədir. Ola bilər ki, bu, ona Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsini dayandırmaq vədini nəhayət yerinə yetirməyə yardım edəcək”, deyə şərhçi fikrini yekunlaşdırıb.

Qeyd edək ki, dünən diplomat Roman Besmertnı Trampın Yaxın Şərqdə baş verənləri Rusiya ilə də "təkrarlaya” biləcəyi haqda suala cavab verib. O, prezident Trampın Kreml təhdidlərinə emosional reaksiyasını xatırladıb.

Söhbət keçmiş Rusiya prezidenti Dmitri Medvedyevin ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarının "boş yerə” olduğunu deməsindən gedir.
Tramp bu bəyanata olduqca emosional reaksiya verib və bildirib ki, nüvə silahı haqqında bu qədər məsuliyyətsiz danışmaq olmaz.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->