Xəbər lenti

Yaxın Şərqdə gərginlik aviabilet qiymətlərinin artmasına səbəb ola bilər
Dünya 12:43 28.06.2025

Yaxın Şərqdə gərginlik aviabilet qiymətlərinin artmasına səbəb ola bilər

Yaxın Şərqdəki silahlı qarşıdurmalar təyyarə yanacağının qiymətinin yüksəlməsinə və bunun nəticəsi olaraq aviabiletlərin bahalaşmasına səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri yazır.

Məlumata görə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbəri, "British Airways"in sabiq rəhbəri Villi Volş bildirib ki, neft qiymətləri ilə aviabiletlərin dəyəri arasında birbaşa əlaqə mövcuddur. O, ayın əvvəlində verdiyi açıqlamada neft qiymətlərinin düşməsi fonunda aviaşirkətlərin yay mövsümündə qiymətləri endirərək tələbi stimullaşdırmağa hazırlaşdıqlarını söyləmişdi.

Lakin son gərginlik fonunda vəziyyət dəyişib - bu hücum neft qiymətlərində təxminən 8%-lik artıma səbəb olub. Sonradan ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə İran və İsrail arasında atəşkəs elan edilsə də, bazarlar bu regiondakı vəziyyətə həssas reaksiya verməkdə davam edir.

"Goldman Sachs" analitikləri qeyd edirlər ki, İranın Hörmüz boğazını - dünya üzrə neft tədarükünün 20%-nin keçdiyi strateji su yolunu - bağlaması qiymətlərin 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi dövründəki səviyyələrə qədər yüksəlməsinə səbəb ola bilər.

Monreal şəhərindəki Makqil Universitetinin aviasiya idarəçiliyi üzrə eksperti Con Qradek deyib: "Reaktiv yanacağın qiymətində 10–20%-lik artım aviaşirkətlərə ciddi təsir göstərəcək".

IATA-nın hesablamalarına görə, aviasiya sektoru ümumi gəlirlərinin təqribən üçdə birini yanacağa sərf edir. Məqalədə qeyd olunur ki, hazırda aviasiya yanacağının bazar qiyməti İsrailin raket zərbələrindən on gün əvvəlki dövrlə müqayisədə 10% yüksəkdir. Bununla belə, enerjidaşıyıcılarının qısa müddətli bahalaşması bu günlərdə nadir hal sayılmır və əksər aviaşirkətlər bu tip risklərə qarşı qabaqlayıcı planlar hazırlayır.

Ekspertlər bildirirlər ki, qiymət dəyişkənliyinə qarşı mübarizə üsullarından biri "hedcləmə" - yəni bazarda sabit qiymətə öncədən alış razılaşmaları bağlamaqdır. Bu üsul riskləri tam aradan qaldırmasa da, fövqəladə vəziyyətlərdə yüksək xərcdən yayınmağa yardım edə bilər. CTAIRA aviasiya məsləhət şirkətinin təsisçisi Kris Tarri qeyd edir ki, "Ryanair" yazda neftin ucuzlaşmasından istifadə edərək qarşıdakı üç il üçün yanacaq tələbatının böyük hissəsini sabit qiymətlərlə təmin edib. Məhz bu cür maliyyə planlaması əvvəlki qiymət artımlarının sistemli böhran yaratmasının qarşısını alıb.

Ancaq neftin bahalaşması uzun müddət davam edərsə, bu, aviaşirkətlər üçün daha çox problem yaradacaq. Hazırda bazarlar ABŞ administrasiyasının barışıq çağırışlarına müsbət reaksiya verib, lakin tarix göstərir ki, Yaxın Şərqdəki vəziyyət tez dəyişə bilər. Təhlilçilər hesab edirlər ki, bu təzyiq aviabiletlərin mütləq bahalaşacağı anlamına gəlmir.

"The Telegraph" xatırladır ki, 2022-ci ildə "Emirates", "AirAsia" və "Japan Airlines" kimi aviaşirkətlər Ukrayna müharibəsi fonunda yanacaq qiymətlərinin artmasına cavab olaraq müvəqqəti 10%-lik əlavə haqq tətbiq etmişdilər. Amma digər tərəfdən, bilet bazarı yüksək həssaslıq nümayiş etdirir və şirkətlər müştəriləri itirməmək üçün alternativ yollar axtarırlar. Qradekin sözlərinə görə, şirkətlər qiymətləri artırmaq əvəzinə yeni reyslərin açılmasını təxirə sala və ya xidmətlərin sayını azalda bilərlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->