Xəbər lenti

Tramp Ukraynanın Qələbə Fondu yaratmağı planlaşdırır - Çinin hesabına?
Dünya 10:58 16.10.2025

Tramp Ukraynanın Qələbə Fondu yaratmağı planlaşdırır - Çinin hesabına?

ABŞ prezidenti Donald Tramp Ukraynanın qələbəsi üçün fond yaratmaq üzərində işləyir. Bu fond Çin mallarına tətbiq olunacaq yeni rüsumlar hesabına maliyyələşdiriləcək. Tramp maliyyə naziri Skot Bessentə tapşırıb ki, prezident Vladimir Zelenskinin 17 oktyabr, cümə günü Vaşinqtona səfərindən əvvəl bu planı Avropa həmkarları ilə müzakirə etsin.

Qaynarinfo bu barədə "The Telegraph”a istinadla xəbər verir.

Əvvəllər Zelenskinin "hərbi qələbə üçün üstün kartlara malik olmadığını” deyən Tramp, son vaxtlar Vladimir Putinə qarşı səbrini itirir. Onun Ukraynadakı müharibəyə yanaşmanın dəyişdirilməsi ilə bağlı təklifi, "The Telegraph”ın yazdığına görə, mövqeyində nəzərəçarpan dəyişiklik deməkdir.

Eyni ritorika ABŞ müdafiə naziri Pit Hegset tərəfindən də səsləndirilib. O, NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə bildirib ki, əgər Rusiya sülh danışıqlarından yayınmağa davam etsə, ABŞ "yalnız Amerika edə biləcəyi şəkildə” Kiyevi dəstəkləməyə hazırdır.

Mətbuat yazır ki, Brüsseldəki müzakirələr Ukraynaya uzaqmənzilli "Tomahawk” raketlərinin mümkün tədarükü və müharibənin dördüncü ilinin sonuna yaxın ölkənin silahlı müqavimətinin maliyyələşdirilməsinə yönəlib.

Bessentin sözlərinə görə:

"Prezident Tramp səfirə və mənə tapşırdı ki, Avropa müttəfiqlərimizə bildirək — biz Çin üçün "Rusiya neftinə rüsum” və ya "Ukraynanın qələbə rüsumu” adlandıra biləcəyiniz ideyanı dəstəkləyirik. Amma həm Ukrayna, həm də Avropa müttəfiqlərimiz bu işə qoşulmağa hazır olmalıdırlar. Əgər Avropa tərəfdaşlarımız bizimlə olsalar, biz də cavab verəcəyik”.

Məlumatlara görə, bu strategiyaya əsasən, Çin idxalına 500%-lik gömrük rüsumu tətbiq olunacaq və əldə edilən vəsait Ukrayna ordusunun silahlandırılmasına yönəldiləcək. Planın məqsədi Putinə maksimum iqtisadi təzyiq göstərməkdir, çünki onun hərbi maşını Çinin dəstəyindən asılıdır. Bu yolla Putini Tramp və Zelenski ilə danışıqlar masasına oturmağa məcbur etmək nəzərdə tutulur.

Jurnalistlər qeyd edirlər ki, əvvəllər Rusiyadan neft alan Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək ideyası Avropa hökumətlərinin müqaviməti ilə üzləşmişdi. Hərçənd NATO Pekini Rusiyanın müharibəsində "əsas yardımçı” adlandırıb, ittifaqın bir çox ölkələri, o cümlədən Böyük Britaniya, Çini düşmən kimi görməkdən imtina edib.

Ukraynanın müdafiə naziri Denis Şmıqal müttəfiqlərə bildirib ki, 2026-cı ildə daha bir illik müqaviməti maliyyələşdirmək üçün Ukraynaya 120 milyard dollar lazımdır. NATO qərargahında keçirilən, Böyük Britaniyanın həmsədr olduğu iclasda bu məbləğin yarısının necə toplanacağı müzakirə olunub. Şmıqal deyib ki, bu vəsaitin yarısını Ukraynanın müttəfiqləri təmin etməlidir.

İclasda ikinci "vacib mövzu” uzaqmənzilli raketlərin tədarükü olub. O, "hamıya tanış adları var” deyib. NATO-dakı Avropa mənbələri "Tomahawk” raketlərinin Ukraynaya verilməsini dəstəklədiklərini bildiriblər, çünki bu, Ukraynaya cəbhə xəttindən xeyli uzaqda yerləşən rus hədəflərinə zərbə endirmək imkanı verəcək. Amma onlar etiraf ediblər ki, son qərar tamamilə ABŞ prezidentindən asılıdır. Şmıqal vurğulayıb ki, belə qərar NATO müdafiə nazirlərinin görüşündə qəbul edilə bilməz və şəxsən Tramp və Zelenski tərəfindən təsdiqlənməlidir.

Əgər Tramp razılıq versə, Avropa ölkələri, yəqin ki, raketlərin alınması və təlimin maliyyəsini NATO-nun Purl proqramı vasitəsilə — yəni ABŞ silahlarının Avropa hökumətləri hesabına Ukraynaya ötürülməsi yolu ilə — ödəməli olacaqlar.

Bundan əvvəl UNIAN xəbər vermişdi ki, Ukraynaya hərbi yardımın həcmi yarıdan çox azalıb. 2025-ci ilin birinci yarısında Avropa "ABŞ-ın geri çəkilməsindən doğan boşluğu” doldurmaq üçün silah tədarükünü kəskin artırmışdı, amma yayda bu "temp zəifləyib”. 

Həmçinin bildirilmişdi ki, Hegsetin sözlərinə görə, ABŞ Rusiyanı müharibəni dayandırmadığı təqdirdə ağır bədəllə üzləşdirəcək. O vurğulayıb:

"Əgər bu addımı atmalı olsaq, ABŞ Müharibə Nazirliyi bunu yalnız bizim edə biləcəyimiz şəkildə həyata keçirməyə hazırdır”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->