Xəbər lenti

Trampın təyyarəsi Davosa uçduqdan sonra qəfildən ABŞ-a qayıtdı - Nə baş verib?
Dünya 10:49 21.01.2026

Trampın təyyarəsi Davosa uçduqdan sonra qəfildən ABŞ-a qayıtdı - Nə baş verib?

ABŞ prezidenti Donald Trampın "Air Force One" təyyarəsi Davosdakı Dünya İqtisadi Forumuna uçduqdan qısa müddət sonra qəfildən kursunu dəyişərək Endryus birləşmiş bazasına qayıdıb.

Qaynarinfo CNN-ə istinadla yazır ki, Trampın mətbuat katibi Karolina Levittin bildirdiyinə görə, ekipaj "elektrik avadanlığında cüzi nasazlıq" aşkar edib və ehtiyat tədbiri olaraq geri dönüb.

Levitt prezident təyyarəsinin göyərtəsində zarafatla qeyd edib ki, hazırda Qətər təyyarəsi (Trampın müvəqqəti istismar üçün Qətərdən hədiyyə aldığı "Boeing 747-8" təyyarəsi) "çox daha yaxşı" səslənir. Göyərtədə olan jurnalistlərin sözlərinə görə, uçuşdan sonra mətbuat salonunda işıqlar qısa müddətə sönüb.

Təyyarə Vaşinqton vaxtı ilə saat 23:00-dan qısa müddət, təxminən 1 saat 20 dəqiqəlik uçuşdan sonra Endryus aviabazasında təhlükəsiz şəkildə yerə enib. Jurnalistlərin məlumatına görə, prezident Donald Tramp başqa təyyarəyə keçib və saat 00:02-də uçuş zolağı ilə hərəkətə başlayıb.

Son onilliklər ərzində ABŞ prezidentlərini, vitse-prezidentlərini, nazirləri və birinci xanımları bütün dünya üzrə daşıyan hökumət təyyarələri parkı bir sıra problemlərlə üzləşib. Ötən ilin əvvəlində Dövlət katibi Marko Rubionun təyyarəsi uçuşdan qısa müddət sonra ön şüşəsinin çatlaması səbəbindən Vaşinqtona qayıtmağa məcbur olmuşdu. Oktyabrda isə müdafiə naziri Pit Heqsetin təyyarəsi yenə ön şüşənin çatlaması səbəbindən Böyük Britaniyada planlaşdırılmamış eniş etməli olmuşdu.

Tramp tez-tez "Boeing" şirkəti tərəfindən yeni təyyarələrin tikintisinin başa çatdırılma müddətlərindən şikayətlənirdi. Ötən il görünməmiş bir addımla Müdafiə Nazirliyi rəsmi olaraq "Boeing Co. 747-8" lüks təyyarəsini Tramp üçün yeni "Air Force One" prezident təyyarəsi kimi müvəqqəti istismara qəbul etdi.

Daha əvvəl planlaşdırılırdı ki, Tramp və Zelenski Davos görüşündə 800 milyard dollarlıq saziş bağlayacaqlar. "Çiçəklənmə planı" Ukraynanın bərpası və iqtisadiyyatının yenidən işə salınması üçün 10 il ərzində bu məbləğin cəlb edilməsinə yönəlib.

Həmçinin daha əvvəl məlumat verilmişdi ki, Tramp 22 yanvar cümə axşamı günü Davosda yeni yaradılmış "Sülh Şurası"nın konstitusiyasının tam mətninin və səlahiyyətlərinin imzalanmasını planlaşdırır.

Alpər
--> -->