XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Turizm Assosiasiyası məhkəməyə verildi - Sədri cərimələndi
Ekonomiks14:21 07.10.2026

Turizm Assosiasiyası məhkəməyə verildi - Sədri cərimələndi

“Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası” İctimai Birliyi 2025-ci il üzrə maliyyə hesabatını təqdim etmədiyinə görə 1500 manat məbləğində cərimələnib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən Assosiasiya barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib.

İş materiallarına əsasən, Assosiasiya 2025-ci il üzrə illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə Maliyyə Nazirliyinə təqdim etməyib. Nazirlik əvvəlcə təşkilata hesabatın təqdim edilməsinin zəruriliyi barədə xəbərdarlıq edib, daha sonra məsələ ilə bağlı inzibati xəta haqqında icraat başlayıb.

Məhkəmə iclasında Assosiasiyanın nümayəndəsi təşkilatın həmin dövrdə heç bir maliyyə fəaliyyətinin olmadığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən maliyyə hesabatının təqdim edilməsi mümkün olmayıb. Nümayəndə həmçinin Assosiasiyanın müəyyən dövrdə ASAN İmzasının olmadığını və Maliyyə Nazirliyinin göndərdiyi bildirişlərdən xəbərdar olmadıqlarını qeyd edib.

Lakin məhkəmə bu arqumentləri əsaslı hesab etməyib.

Məhkəmə qərarında göstərilib ki, qanunvericilik maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatlarını da hesabat təqdim etmək öhdəliyindən azad etmir. Belə təşkilatlar hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprelin 1-dən gec olmayaraq maliyyə fəaliyyətinin və mövcud qalıqların dəyişməməsi barədə müvafiq arayışı “e-mühasibat” informasiya sistemi vasitəsilə təqdim etməlidirlər.

Məhkəmə hesab edib ki, Assosiasiyanın 2025-ci il üzrə maliyyə hesabatını təqdim etməməsi iş materialları ilə tam sübuta yetirilib.

İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə hüquqi şəxslər 1500 manatdan 2000 manatadək cərimə edilə bilər.

Beləliklə, “Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası” İctimai Birliyinin sədri Hüseynzadə Nizaməddin Akim oğlu İXM-in 462.1-ci maddəsi ilə təqsirli bilinib və 1500 manat məbləğində cərimələnib.

Aydın