Dünya 21:40 20.03.2023

Türkiyə otellər üçün zəlzələyə davamlılıq sertifikatları təqdim edə bilər

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) rəhbəri Firuz Bağlıkaya bildirib ki, ölkənin qida və içki sektorunda fəaliyyət göstərən mehmanxana və müəssisələrə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən zəlzələyə davamlı olduqlarına dair sertifikatlar verilməlidir.

APA xəbər verir ki, bu barədə bazar ertəsi "Hürriyet” qəzeti məlumat yayıb.

Birlik rəhbəri deyib ki, tur operatorları da yəqin ki, otellərin zəlzələyə davamlı olub-olmaması ilə bağlı hesabat istəyəcəklər:

"Qoy otellər sertifikatlaşdırılsın ki, biz etimad yarada bilək. Zəlzələ zamanı təhlükəli olmayan otelləri sertifikatlaşdıracaq sistem tələb edirik”.