Xəbər lenti

Ekonomiks 11:49 06.05.2022

Türkiyə qeyri-neft ixracatımızda Rusiyanı keçib birinci oldu

"Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatı 727 milyon dolları keçib və bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 45 faiz artım deməkdir”.
 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, qeyri-neft ixracatında diqqəti çəkən əsas məqamlardan biri uzun müddət enerjidən kənar ixracda birinci olan Rusiyanın xüsusi çəkisinin azalmasıdır:
 
"Ötən il ümumi 2.7 milyard dollarlıq qeyri-neft ixracatımızın 32.3 faizi Rusiyanın payına düşürdü. Xaricə neftdən kənar göndərdiyimiz hər 3 məhsuldan 1-ni alan şimal qonşumuz kənd təsərrüfatı və bir sıra sənaye mallarının əsas alıcısı idi”.
 
Vüqar Bayramov deyir ki, artıq qeyri-neft ixracatımızın strukturu dəyişməkdədir:
 
"Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatında Türkiyə birinci yerdədir. Bu müddətdə Türkiyəyə 255.2 milyon dollarlıq qeyri-neft məhsulu göndərilib. Rusiyaya isə cəmi 149.4 milyon dollar neftdən kənar məhsul göndərilib. Qardaş Türkiyəyə göndərdiyimiz qeyri-neft məhsulunun həcmi Rusiya ilə müqayisədə 1.7 dəfə çoxdur. Bu müddətdə qeyri məhsullarının 47.4 milyon dolları Gürcüstan, 33.3 milyon dolları İsveçrə, 28.9 milyon dolları isə ABŞ-a ixrac olunub”.
 
Deputatın sözlərinə görə, 2022-ci ilin mart ayında da qeyri-neft sektoru məhsullarında ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (101,9 milyon dollar) birinci olub:
 
"Bu siyahıda Rusiya ikinci (30,4 milyon dollar) və Gürcüstan üçüncü (19,3 milyon dollar) olub. Türkiyənin qeyri-neft ixracatımızda önə çıxması qardaş ölkəyə göndərdiyimiz məhsulların müqayisəli şəkildə daha çox şaxələndirilməsi ilə bağlıdır. Təbii ki, Rusiya-Ukrayna müharibəsi kontekstində şimal qonşumuz ilə ticarə əlaqələrin əvvəlki il ilə müqayisədə azalacağı istisna edilmirdi. Türkiyənin hər zaman öndə olması sevindiricidir”.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->