Xəbər lenti

Ukrayna Aİ qapısında tarix istəyir: Brüssel susur, qərar isə hələ də gecikir (ŞƏRH)
Dünya 13:43 22.04.2026

Ukrayna Aİ qapısında tarix istəyir: Brüssel susur, qərar isə hələ də gecikir (ŞƏRH)

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqına üzvlüklə bağlı konkret tarix tələbini yenidən gündəmə gətirib. O, açıq şəkildə bəyan edib ki, Kiyev bütün şərtləri mərhələli şəkildə yerinə yetirməyə hazırdır, lakin qarşılığında Brüsseldən dəqiq zaman çərçivəsi gözləyir. 

"Bizə siyahı lazımdır, biz birinci, ikinci, üçüncü, onuncu addımı yerinə yetirəcəyik. Amma siz bölmələri açmalı və bizə tarix deməlisiniz", deyə Zelenski vurğulayıb. 

Ekspertlər hesab edir ki, bu tələb siyasi baxımdan başadüşüləndir, lakin Avropa İttifaqının institusional mexanizmləri ilə uyğunlaşmır.Onların fikrincə, Aİ indiyədək heç bir namizəd ölkəyə əvvəlcədən konkret üzvlük tarixi verməyib və bu, qurumun dəyişməz yanaşmasıdır. 

Zelenski bununla kifayətlənməyərək ritorikanı daha da sərtləşdirib. O xəbərdarlıq edib ki, Ukraynanın tələbləri nəzərə alınmasa, Avropa İttifaqı Kiyevi "Gürcüstanı itirdiyi kimi” itirə bilər. Ukrayna lideri Kiyevin "bərabər səviyyəli ölkə” kimi qəbul edilməsini və "sınaq versiyası” üzvlük modelindən imtina olunmasını tələb edib. 

Siyasi müşahidəçilər hesab edir ki, bu cür bəyanatlar klassik təzyiq diplomatiyasının elementidir. Onların qənaətinə görə, "itirə bilərsiniz” mesajı daha çox psixoloji təsir vasitəsidir, çünki Ukraynanın geosiyasi istiqamətinin dəyişməsi faktiki olaraq mümkün görünmür. 

Zelenski daha əvvəl Almaniya kansleri Fridrix Merz ilə birgə çıxışında da eyni mövqeni səsləndirib və məhdud hüquqlarla üzvlüyü qəbul etmədiklərini açıq bildirib. 

Təhlilçilər hesab edir ki, bu yanaşma maksimum tələb irəli sürmək strategiyasına əsaslanır. Diplomatik praktikada bu üsul tez-tez istifadə olunur-yüksək gözlənti formalaşdırılır ki, nəticədə daha real və qəbulolunan kompromis əldə edilsin. 

Digər tərəfdən, Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos bəyan edib ki, Ukraynanın 2027-ci ilə qədər Aİ-yə üzvlüyü mümkün deyil və bu səbəbdən "mərhələli üzvlük” modeli üzərində iş aparılır. 

Ekspertlər hesab edir ki, məhz bu model yaxın illər üçün ən real ssenaridir. Bu yanaşmaya əsasən Ukrayna müəyyən sahələrdə  Aİ sisteminə inteqrasiya olunacaq, lakin tamhüquqlu üzvlük daha gec mərhələdə gündəmə gələcək.

"Politico” nəşrinin yaydığı məlumata görə isə Almaniya, Niderland və İtaliya kimi əsas Aİ ölkələri yaxın perspektivdə Ukraynanın üzvlüyünü müzakirə etmək niyyətində deyil. 

Ekspertlər hesab edir ki, bu mövqenin arxasında ciddi səbəblər dayanır. İlk növbədə, Ukraynanın üzvlüyü Aİ büdcəsinə böyük maliyyə yükü gətirəcək və ölkə əsas benefisiarlardan birinə çevrilə bilər. İkinci mühüm amil kənd təsərrüfatıdır - Ukraynanın  geniş aqrar potensialı Avropa bazarında ciddi disbalans yarada bilər. Üçüncü və ən həssas məsələ isə təhlükəsizlik faktorudur. Rusiya ilə birbaşa sərhədi olan ölkənin birliyə qəbul edilməsi Aİ-ni yeni geosiyasi risklərlə üz-üzə qoya bilər. 

Ekspertlər hesab edir ki, bütün bu amillər Brüsselin ehtiyatlı mövqe tutmasını şərtləndirir və konkret tarixdən yayınmasının əsas səbəbi də məhz budur. 

Nəticə etibarilə, Ukraynanın Avropa İttifaqına üzvlüyü prinsip etibarilə mümkündür, lakin bu, yaxın perspektivin məsələsi deyil. Araşdırmaçıların fikrincə, ən real zaman çərçivəsi 2030-cu illər və sonrakı dövrdür. Hətta bu proqnoz belə müəyyən mənada optimist sayılır. 

Beləliklə, Zelenskinin tələbi siyasi baxımdan anlaşılandır, lakin Avropa İttifaqının institusional və geosiyasi reallıqları bu istəyi hələlik cavabsız qoyur. Brüssel tələsmir - çünki bu qərarın  qiyməti əvvəlkilərlə müqayisədə qat-qat yüksəkdir...

Siyasət şöbəsi
--> -->