Ukrayna bu il Almaniyanın mövcud ehtiyatlarından onlarla əlavə Patriot zenit-raket kompleksi üçün raket-alıcı (interceptor) əldə etmək məqsədilə Berlindən yardım istəyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kiyev Almaniyaya gələcəkdə istehsal olunacaq raket-alıcıların tədarükü müqabilində hazırda mövcud olan Patriot raketlərinin verilməsini təklif edib.
Bloomberg-in həmsöhbətlərinin sözlərinə görə, Almaniya hökuməti Ukraynanın müraciətini nəzərdən keçirir və hələlik yekun qərar verməyib. Qərarın iyul ayında keçiriləcək NATO sammitindən əvvəl və ya sammit zamanı açıqlana biləcəyi bildirilir.
Hazırda Ukrayna Patriot sistemləri üçün raketlərin təminatında əsasən ABŞ-dan asılı olaraq qalır. Mənbələrdən birinin sözlərinə görə, ABŞ, İsrail və İran arasında gərginlik Vaşinqtonun diqqətini müəyyən qədər Ukraynadakı müharibədən yayındırsa da, Patriot raketlərinin tədarükü plan üzrə davam edir.
Bununla belə, Ukrayna Rusiya tərəfindən ballistik raket istehsalının artırılması və bu silahların imkanlarının təkmilləşdirilməsi fonunda ciddi təzyiq altında qalır.
Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə müttəfiqlərə əlavə Patriot raketləri göndərilməsi ilə bağlı müraciət edib. Lakin Avropa ölkələrinin ehtiyatlarının azalması bu məsələnin həllini çətinləşdirir. Mənbələrdən biri bildirib ki, hazırda Avropa İttifaqında Ukraynaya əhəmiyyətli sayda Patriot raketi təqdim edə biləcək yeganə ölkə Almaniyadır.
Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin kommunikasiya idarəsinin rəisi Yuri İqnat ölkədə hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığının daim mövcud olduğunu bildirmişdi. Onun sözlərinə görə, bunun əsas səbəbi bu raketlərin dünyada məhdud sayda istehsal edilməsidir.
Günay
Şərhlər