Dünya 09:24 02.10.2023

Ukrayna üçün Lend-Liz qanunu qüvvədən düşdü

Oktyabrın 1-də ABŞ-da Ukrayna üçün Lend-Liz qanunu qüvvədən düşüb. ABŞ prezidenti Co Baydenin ötən il mayın 9-da imzaladığı Lend-Liz qanunun sentyabrın 30-da müddəti bitən 2023-cü maliyyə ilinin sonuna qədər qüvvədə olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Strana” məlumat yayıb.

Ukraynada bu qanun "tarixi addım” adlandırılırdı. Güman edilirdi ki, qanun II Dünya müharibəsi zamanı Lend-Liz ilə eyni şəkildə işləyəcək. Texniki cəhətdən qanun Baydenə ənənəvi hüquqi və kommersiya prosedurları olmadan silahları Ukrayna və digər ölkələrə ötürmək hüququ verirdi.

Amma reallıqda Lend-Liz heç vaxt işləməyib. ABŞ artıq Ukraynaya heç bir ödəniş və ya şərt olmadan silah verirdi ki, bu da Kiyev üçün Lend-Liz ilə müqayisədə iqtisadi cəhətdən daha sərfəlidir. Məhz bununla (Ukraynanın tədarük olunan silahların pulunu nə vaxtsa ödəməyə ehtiyacın olmaması) Ağ Ev nümayəndələri ABŞ-ın Lend-Liz mexanizmindən istifadə etməməsi faktını izah edirdilər.

Qeyd edək ki, 11 mart 1941-ci il tarixdə ABŞ prezidenti Franklin Delano Ruzvelt Konqres tərəfindən qəbul edilmiş "Birləşmiş Ştatların müdafiəsinin təmin olunması haqqında” Qanununu (Land Lease Act) imzalayıb. Bu qanun prezidentə "müdafiəsini ABŞ üçün əhəmiyyətli” saydığı istənilən ölkəyə yardım etmək hüququ verirdi. Yardıma hərbi texnika, silah və sursat, ərzaq, strateji xammal, tibbi ləvazimatlar və dərmanlar daxil idi. Həmin ilin martın 27-də Lend-Liz proqramı üçün 7 milyard dollar həcmində ilk vəsait ayrılıb. Lend-Lizin aid edildiyi ilk ölkələr Böyük Britaniya və Çin olub. 1941-ci il oktyabrın 1-də Moskvada SSRİ, ABŞ və Böyük Britaniya arasında imzalanan müqavilə ilə Lend-Liz şərtləri SSRİ-yə də şamil edilib.

Nizami Bağırov