Xəbər lenti

Vaşinqton görüşü Putin üçün uğursuz gün oldu, Qərb yenidən birləşdi -
Dünya 16:46 19.08.2025

Vaşinqton görüşü Putin üçün uğursuz gün oldu, Qərb yenidən birləşdi - "Politico"

Şimali Atlantika Alyansı (NATO) 18 avqustda Avropa liderlərinin, Ukrayna prezidenti Vladimir Zelenskinin və ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə möhkəmlik testindən uğurla çıxdı. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

Avropa liderləri Vaşinqtona Trampın Putinə qoşulacağı və Zelenskini ədalətsiz, təhlükəli sazişə məcbur edəcəyi qorxusu ilə getmişdilər.

"Buna görə də Böyük Britaniyadan Kir Starmer, Fransadan Emmanuel Makron və Almaniyadan Fridrix Mers öz planlarını dəyişərək Zelenski üçün diplomatik sipər olmaq, onun Oval ofisdə fevraldakı kimi partlayıcı qarşıdurma ilə üz-üzə qalmamasını təmin etmək üçün gəldilər. Ancaq bu dəfə hər şey başqa cür oldu”, – qeyd edir nəşr.

Materialda vurğulanır ki, Ukrayna prezidenti "bir qıcıqlandırıcı faktoru aradan qaldırdı” – kostyum geyindi. O həmçinin həyat yoldaşı Yelena Zelenskayadan ABŞ-ın birinci xanımı Melaniya Trampa məktub təqdim etdi. Məktubda 20 min ukraynalı uşağın oğurlanması məsələsini Putinin qarşısında qaldırdığına görə təşəkkür ifadə olunurdu.

Bu jestlər görüşün tonunu dəyişdi. "Politico” yazır ki, adətən Trampa uyğun gəlməyən "təmkin, soyuqqanlılıq və diplomatiya” onun Zelenski ilə keçirdiyi mətbuat konfransında ön plana çıxdı. Jurnalistlərin NATO üzvlüyü və təhlükəsizlik zəmanətləri barədə təxribatçı suallarına baxmayaraq, Tramp da, Zelenski də emosiyalara qapılmadılar. Hətta Tramp "Zelenskinin müdafiəçisi” kimi görünürdü.

Tramp NATO üzvlüyü ilə bağlı suala cavab olaraq bildirdi ki, hələ heç nə qərara alınmayıb və bu məsələni Avropa liderləri ilə müzakirə etmək lazımdır. O əlavə etdi ki, "təhlükəsizlik zəmanətləri məsələsində Avropa ölkələri birinci müdafiə xətti olacaq, amma tək qalmayacaqlar”.

"Avropa ölkələri yükün böyük hissəsini üzərinə götürəcək. Biz dəstək verəcəyik və bunu çox etibarlı edəcəyik”, – deyə ABŞ prezidenti əmin edib.

"Politico” yazır ki, avropalılar Trampın ABŞ-ın Ukrayna üçün NATO-ya bənzər təhlükəsizlik sazişinə qoşulacağı barədə verdiyi ictimai vədi "irəliləyiş” kimi qarşıladılar. Baxmayaraq ki, bu hələ də çox qeyri-müəyyəndir və ABŞ-ın nə qoşun göndərməsi, nə də birbaşa silah verməsi gözlənilir. Söhbət daha çox dəstək, kəşfiyyat və iri silah müqavilələrindən gedir.

Nəşr qeyd edir ki, bu açıqlamalar Trampın bundan əvvəl Putinin sazişə əməl edəcəyi barədə verdiyi güvənclərdən daha ciddi görünür.

Eyni zamanda Avropa tərəfi başa düşür ki, Tramp dəyişkəndir və heç nəyi təminat kimi görmür. Mers etiraf edib ki, proses indi daha da çətinləşəcək. Makron isə görüşdən əvvəl bildirmişdi ki, Putin sülh istəmir, sadəcə Ukraynanın tam təslimiyyətini tələb edir.

Britaniyalı bir rəsmidən "Politico”ya verilən şərhdə isə bildirilib: "Sülhə hələ uzun yol var. Amma Putin artıq Alyaskadakı sammitdə olduğu kimi özündənrazı təbəssümlə gəzə bilməyəcək”.

"Ümumilikdə bu, Putin üçün uğursuz gün idi, çünki Qərb yenidən birləşdi, ABŞ isə onun sırasına qayıtdı”, – deyə rəsmi yekunlaşdırıb.

Bundan əvvəl Zelenski də Vaşinqton danışıqları barədə danışaraq, bunun müharibənin başa çatması və Ukraynanın təhlükəsizliyi istiqamətində əhəmiyyətli addım olduğunu bildirmişdi.

"Bloomberg” isə yazır ki, görüşdən sonra Qərb dərhal Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin üzərində işləməyə başlayacaq. Bu zəmanətlər Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə yönələcək və hərbi qüvvələrin sayına məhdudiyyət qoyulmayacaq. Məqsəd həmçinin Rusiyanın mümkün sazişdə Ukrayna ordusunun məhdudlaşdırılması ilə bağlı tələblərinin qarşısını almaqdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->