Xəbər lenti

Venesuelanın
Dünya 18:58 24.12.2025

Venesuelanın "zombi" neft tankerləri sxemi necə işləyir?

Venesuela xam neftinin daşınmasında aktiv şəkildə "zombi” tankerilərdən yararlanır. Buna nümunə kimi 2021-ci ildə rəsmi olaraq istismardan çıxarılmış, 27 illik bir tanker göstərilir. Həmin gəminin bu həftənin sonuna doğru ölkəyə çatması planlaşdırılırdı.

Qaynarinfo xəbər verir ki, "Bloomberg” nəşrinin yazdığına görə, özünü "Freesia I” kimi tanıdan tanker əslində başqa bir gəmi ola bilər və o, istismardan çıxarılmış tankerinin identifikasiya məlumatlarını mənimsəyib. Bu taktika sanksiyaya məruz qalmış nefti daşıyan gəmilər tərəfindən marşrut və yükləri gizlətmək məqsədilə zaman-zaman istifadə olunur.

"Kpler” şirkətində risk və uyğunluq üzrə baş analitik Dimitris Ampatsidis deyib: "Venesuela neftin mənşəyini və sahiblərini son dərəcə effektiv şəkildə gizlədir və bununla da maliyyə və ticarət nəzarətindən yayınır. Məhz buna görə Vaşinqton getdikcə maliyyə tədbirlərindən fiziki tədbirlərə keçid edir".

TankerTrackers.com-un məlumatına əsasən, təxminən 1500 köhnə, sığortasız və formal şirkətlərə məxsus gəmidən ibarət "kölgə donanması”nın tərkibində Venesuela təxminən 400 tankerdən istifadə edir.

Bu tankerilər hərəkəti və real sahibləri gizlətmək üçün "kölgə donanması”na xas olan bir çox üsullardan yararlanır. Onların arasında saxta koordinatlardan istifadə – yəni spufinq də var. "Freesia I” nümunəsində olduğu kimi, bəzi hallarda onlar özlərini başqa, çox vaxt artıq istismardan çıxarılmış gəmilər kimi təqdim edirlər.

"Freesia I” adı ilə tanınan gəmi may ayının əvvəlində Venesuelanın "Xose” neft ixrac terminalında olub. O, son səfərinə noyabrda Cənub-Şərqi Asiyada başlayıb və 26 dekabrda Cənubi Amerikada yerləşən "Amuay” limanına çatmalı idi. Ehtimal olunur ki, burada yeni yük götürüləcəkdi. Daha sonra gəmi təyinat nöqtəsini "açıq dəniz” kimi dəyişib və 23 dekabrda Fransız Qvianası sahilləri yaxınlığında transponderini söndürüb.

Məlumata görə, Venesuelanın "kölgə donanması”na daxil olan adi tankerilər əsasən digər ölkələr tərəfindən təmin edilir. Çünki Karakas öz donanmasını maliyyələşdirmək imkanına malik deyil və mövcud donanma həm say baxımından az, həm də texniki cəhətdən köhnədir.

Keçən həftə ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı neft blokadası elan edib və sanksiyaya məruz qalmış bütün neft tankeriləri üçün dəniz yollarını bağladığını açıqlayıb.

Donald Trampın sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduronun rejimi "oğurlanmış” neft yataqlarından əldə olunan neftdən şəxsi gəlir məqsədilə, eləcə də terrorçuluğun, narkotik ticarətinin, insan alverinin, qətllərin və oğurluqların maliyyələşdirilməsi üçün istifadə edir.

Aydın

--> -->