XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Virtual məktəb"lə bağlı gözləntilər özünü doğrultdumu? – Ekspert
Ölkə19:00 06.10.2026

"Virtual məktəb"lə bağlı gözləntilər özünü doğrultdumu? – Ekspert

Pandemiya dövründə distant təhsilə keçidin təmin edilməsi məqsədilə yaradılan “Virtual məktəb” platforması sonrakı illərdə də fəaliyyətini davam etdirib. Hazırda bəzi məktəblərdə şagirdlərin qiymətləndirilməsi və tədrislə bağlı proseslərin bu platforma üzərindən aparılması valideynlər üçün müxtəlif suallar yaradır.

Bəs hazırda “Virtual məktəb” layihəsi məktəb-valideyn münasibətlərinə nə dərəcədə təsir edir? Platforma bu əlaqəni daha əlçatan edibmi və onun funksiyaları genişləndirilməlidirmi?

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, “Virtual məktəb” pandemiya dövründə fövqəladə vəziyyətə cavab olaraq yaradılıb və həmin dövrdə mühüm rol oynayıb:

“Virtual məktəb” layihəsi pandemiya dövründə fors-major hadisələrlə mübarizə istiqamətində ərsəyə gəlmiş bir layihədir və həmin dövrdə çox böyük işlər görüldü. Ümumiyyətlə, biz pandemiya dövründə məktəbləri ən tez qapadan və pandemiyanın tələblərinə ən tez və adekvat cavab verən ölkələr sırasındayıq. Zənn edirəmsə, dünya üzrə 12-ci ölkə olduq ki, bu təhlükəni hiss edib məktəbləri vaxtında qapatdıq və alternativ tədris formalarına əl atdıq. Bu tədris forması özündə müxtəlif üsullara, müxtəlif metodlara ehtiyac duyurdu və “Virtual məktəb” də onlardan biri oldu. “Virtual məktəb” layihəsi özünün bir çox prinsipləri və bir çox detalları ilə o dövrün çox ciddi boşluqlarını aradan qaldırdı”.

Ekspert qeyd edib ki, layihənin pandemiyadan sonra da fəaliyyətini davam etdirməsi vacibdir və gələcək təhsil modelində belə platformalara ehtiyac olacaq:

“Biz o dövr deyirik, gerçək o qədər uzun bir müddət deyil. Cəmi beş-altı il bundan əvvəlki etapdır. Amma o qədər fərqli bir etapdır ki, bizə uzun bir zaman kəsimi kimi görünür. Bəli, bu o demək deyil ki, bu, mütləq pandemiya içində qalmalı idi? Xeyr. Pandemiya dövründə öz funksiyasını başa vurmamalı idi, vurmadı da. Layihə ilə vidalaşmaq, bu layihəni ümumiyyətlə yoxa çıxarmağa ehtiyac yox idi və bu edilmədi, nə yaxşı ki. Çünki dünyanın əsas hədəflərindən biri də gələcəkdə hibrid tədris formasına keçməkdir. Hibrid də bilirsiniz ki, həm ənənəvi, həm də onlayn təhsilin sintezidir. Dünyanın gələcək təhsili bununla müəyyənləşir”.

Elmin Nuri vurğulayıb ki, “Virtual məktəb”in imkanları genişləndirilməli və platforma daha effektiv mexanizmə çevrilməlidir:

“Biz də bu trendlə tam ayaqlaşmaqdan ötrü distant təhsili də özündə əks etdirən vasitələri həm qorumalı, həm də inkişaf etdirməliyik. Formatını dəyişdirməliyik. Düşünmürəm ki, pandemiya yoxdur, fors-major hallar, qorxulu hallar yoxa çıxıb. İndi “Virtual məktəb” layihəsi daha geniş platforma, daha geniş şəkildə, daha geniş funksiyalarla işlənilməlidir. Belə olduğu təqdirdə biz həm “Virtual məktəb”i, həm distant təhsillə əlaqədar digər layihələri bir daha mütləq faydalı mexanizmə çevirə biləcəyik. İndilik məni maraqlandırır: bugünkü “Virtual məktəb”lə pandemiya dövrünün “Virtual məktəb”i arasında nə kimi fərqlər var? Bu fərqlər nədən ibarətdir? Mən də sizinlə bərabər bu sualı vermək istəyirəm”.

Günay İlqarqızı