Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Hacıqabul rayonunun Nəvahi qəsəbəsində 17 fərdi yaşayış evinin bərpası ilə bağlı satınalmaya yekun vurub.
Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Kəndahar” MMC seçilib. Tərəflər arasında 397 236,17 manat məbləğində müqavilə imzalanacaq.
Sadə hesablamaya görə, ayrılan vəsait 17 ev arasında bərabər bölünsə, bir evin bərpasına orta hesabla 23 366,83 manat düşür.
Maraqlıdır ki, “Kəndahar” MMC-nin dövlət qurumlarından iri məbləğli satınalmalar əldə etməsi şirkətin fəaliyyətinin ilk illərindən başlayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Kəndahar” MMC 17 yanvar 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 50 manatdır. Hüquqi ünvanı Abşeron rayonu, Qobu qəsəbəsi, ev 42, mənzil 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Paşayeva Mətanət Əlhəmpaşa qızıdır.
Şirkətin nizamnamə kapitalı ilə son müqavilənin məbləği arasında da diqqətçəkən fərq var. Belə ki, 50 manat nizamnamə kapitalı olan şirkət bu dəfə 397 min manatdan çox dəyəri olan dövlət sifarişinin qalibi seçilib.
“Kəndahar” MMC barədə açıq mənbələrdə geniş məlumatın olmaması da diqqət çəkir. Şirkətin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumat yoxdur. Şirkətin qanuni təmsilçisi Mətanət Paşayeva barədə də açıq mənbələrdə ətraflı məlumat tapmaq çətindir.
Şirkətin belə həcmdə işi həyata keçirmək üçün hansı maddi-texniki bazaya və işçi potensialına malik olduğu isə açıq mənbələrdən aydın deyil. Dövlət vəsaiti hesabına həyata keçirilən layihə olduğundan, satınalmanın qalibi seçilərkən şirkətin texniki imkanlarının və əvvəlki təcrübəsinin necə qiymətləndirildiyi də maraq doğurur.
Araşdırmalar zamanı məlum olub ki, “Kəndahar” MMC yaradıldığı il – 2023-cü ildən etibarən dövlət satınalmalarında iştirak etməyə başlayıb. Şirkətin həmin ildən müxtəlif satınalmalarda qalib seçilməsi diqqət çəkir.
Onun sifarişçiləri arasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti də olub. Sözügedən qurum 2023-cü ildə “Kəndahar” MMC ilə satınalma müqaviləsi imzalayıb. 2024-cü ildə isə eyni qurum şirkətlə 297 448,5 manatlıq müqavilə bağlayıb.
“Kəndahar” MMC-nin adı daha əvvəl başqa tenderlərlə bağlı da mediada hallanıb. 2023-cü ildə Şirvan Şəhər İcra Hakimiyyətinin Şirvan şəhərində yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderdə “Kəndahar” MMC ilə “Star Construction” MMC-nin qiymətin artırılmasına yönəlmiş sövdələşməyə getdiyi barədə məlumat yayılıb. Həmin məlumatlara görə, sözügedən səbəbdən tender ləğv edilib.
Digər diqqətçəkən məqam isə “Kəndahar” MMC ilə “Star Construction” MMC-nin müəyyən dövrdə eyni hüquqi ünvanda qeydiyyatda olması barədə məlumatların yayılmasıdır. Bu faktlar şirkətin tender fəaliyyəti ilə bağlı əlavə suallar yaradır.
Xüsusilə də cəmi 2023-cü ildə yaradılmış, nizamnamə kapitalı 50 manat olan və haqqında açıq mənbələrdə geniş məlumat bulunmayan bir şirkətin qısa müddət ərzində yüz minlərlə manatlıq dövlət satınalmalarının qalibi olması diqqətdən kənarda qala bilməz.
Aydın
Şərhlər