Bakıda yerdən tapdığı bank kartından istifadə edərək 75 manat 78 qəpik xərcləyən şəxsə 160 saat ictimai iş cəzası verilib.
Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, hadisə 2026-cı ildə baş verib.
Məlumata görə, 1990-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Q.E. gecə saat 04:00 radələrində işdən çıxarkən kafenin pilləkənlərində tanımadığı şəxsə məxsus plastik bank kartı görüb. O, kartı götürərək müxtəlif ödənişlər edib, daha sonra isə kartı atıb.
Kartın sahibi həmin gün saat 15:00 radələrində mobil telefonu vasitəsilə hesabını yoxlayarkən “Kapital Bank”a məxsus kartından müxtəlif vaxtlarda ümumilikdə 75 manat 78 qəpik pul vəsaitinin xərcləndiyini müəyyən edib.
Zərərçəkmiş məhkəmədə bildirib ki, hadisə nəticəsində kartların yenidən bərpası xərcləri də daxil olmaqla, ona 300 manatdan çox ziyan dəyib. O, Q.E. ilə barışmadığını və barəsində tənbeh tətbiq edilməsini istəyib.
Məhkəmə iclasında Q.E. əməlini etiraf edib və peşman olduğunu bildirib. O, kartı yerdən tapdığını, həmin kart vasitəsilə ödənişlər etdiyini və sonradan atdığını deyib. Q.E. iki əlil şəxsə qulluq etdiyini bildirərək barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş edib.
İş materiallarından məlum olub ki, Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşları tərəfindən Q.E. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib.
Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunub və Q.E.-nin İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün materiallar polis idarəsinə göndərilib.
Məhkəmə Q.E.-nin əməlini sübuta yetirilmiş hesab edib. Onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunması və əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilib. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməyib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talamaya görə 160 saatdan 240 saatadək ictimai işlər və ya müəyyən hallarda üç ayadək inzibati həbs nəzərdə tutur.
Məhkəmənin qərarı ilə Q.E. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və ona 160 saat ictimai iş cəzası verilib.
Həmçinin onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Aydın
Şərhlər