Siyasət 15:15 06.05.2022

Xalq diplomatiyası Azərbaycanın maraqlarına cavab verirmi... Siyasi liderlər nə düşünür?

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib. Sülh mövzusundan danışan Prezident bildirib ki, "bu, uzun prosesdir, lakin istənilən sülhə nail olmaq üçün qarşılıqlı etimadın bərpa edilməsi vacibdir”. Dövlət başçısı gələcəkdə Azərbaycan və Ermənistan ziyalılarının, media mənsublarının, ictimai fəalların görüşünün baş tuta biləcəyinə də işarə vurub. Prezident İlham Əliyev əlavə edib ki, bu görüş Azərbaycana qarşı nifrətlə yüklənməmiş ermənilərlə baş tuta bilər. Bəs, Azərbaycan və Ermənistan ictimai və siyasi fəallarının görüşünü necə təşkil etmək mümkündür? Qaynarinfo məsələyə siyasi partiyalar arasında cavab arayıb. 

Müsavat Partiyasının başqanı Arif Hacılı Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu tipli görüşlər, xalq diplomatiyası prosesinin bərpası vacibdir:"Qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtina edilməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, davamlı sülhə şərait yarada bilər. Ona görə də, danışıqlar mühitinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi vacibdir. Görüşlər Bakıda da, İrəvanda da keçirilə bilər. Ən əsası odur ki, vasitəçilərsiz, ikitərəfli əlaqələrərə üstünlük verilməlidir”. 

REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyir ki, Azərbaycan və Ermənistan arasında ikinci Qarabağ savaşından öncə müəyyən xalq diplomatiyası, ziyalıların görüşü baş verib, amma bunların ciddi bir effekti olmayıb: "Çünki torpaqlar işğal altında idi. İndi isə sülh quruculuğu işlərinə ciddi yanaşılır və doğru olan da budur. İki ölkə arasında qarşılıqlı etimadın və sülhün təsisi üçün müəyyən addımların atılmasına ehtiyac var. İkinci Qarabağ savaşında torpaqların böyük bir qismini işğaldan azad etdikdən sonra artıq sülh quruculuğu bizim üçün də vacib elementlərdən birinə çevrilib. Ona görə ziyalıların, ictimai xadimlərin, jurnalistlərin, siyasətçilərin görüşləri bundan sonra daha effektli ola bilər. Ümumi bir "Qafqaz platforması”nın təsis olunması ideyası da mümkündür. Məsələn, Gürcüstanın Tfilis şəhərində bunu etmək olar. Mütəmadi olaraq həm ziyalıların, həm siyasi partiyaların görüşlərinin Tfilisdə baş tutması mümkündür.  Bu həm lugistik olaraq rahatdır və həm də ucuz başa gələr. Ona görə də "Qafqaz dialoq masası” diskusiya platformasının Tfilisdə təsis olunması daha məntiqlidir”. 

AĞ Partiya başqanı Tural Abbaslı isə qeyd edib ki, hər iki cəmiyyətdəki qarşılıqlı etimadın bərpa olunması üçün bir neçə görüşün keçirilməsi kifayət deyil:
 
"Yəni, i ziyalıların, media xadimlərinin, siyasətçilərin qarşılıqlı görüşləri, müzakirələri bu prosesdə nəsə kömək edəcəyinə inanmıram. Çünki burada qalıb gəlmiş bir Azərbaycan və məğlub olan bir Ermənistan var. Hər iki tərəfdən minlərlə həlak olan hərbiçilər, veteranlar, əlillər mövcuddur. Hələ də Ermənistanda Azərbaycana qarşı nifrət yüksək həddədir və əhali arasında ərazi iddiaları var. Bir çox hallarda bu nifrət, iddialar daha çox ziyalılar, media nümayəndələri, içtimai xadimlər arasında daha çoxdur, nəinki sadə ermənilər arasında. Düzdür, biz qonşu ölkələrik və qonşuluqda yaşamaq məcburiyyətindəyik. Amma mənim ermənilərə etimadım yox dərəcəsindədir. Tarixə də nəzər salsaq görərik ki, ermənilər tək Azərbaycana deyil, Osmanlı, digər ölkələrə də xəyanət edib. Rusiya, Osmanlı, İran, bir sözlə harada yaşayıblarsa ora xəyanət edilər, ərazi iddiaları ortaya qoyublar, seperatçılıq və terroristliklə məşğul olublar. Millət olaraq onlar sağlam deyillər.  Ona görə bu görüşlərin o qədər də önəmli olacağını düşünmürəm”.

Partiya başqanı təşəbbüsün maraqlı olduğunu hesab edir:"İdeya olaraq maraqlıdır, lakin bunun müsbət nəticəsi olacağına inanmıram. Biz Ermənistanla dayanıqlı sülh istəyiriksə, ordumuzu gücləndirməliyik və ermənilər bilməlidir ki, əgər sülh etməyib, ərazi iddialarından çəkilməyəcəklərsə daha böyük problemlə üz-üzə qalacaqlar. Erməniləri ancaq qorxu nizama sala bilər, onlar insani keyfiyyətlərdən uzaqdır, hələ də Xocalı soyqırımına görə üzr istəməyiblər”.

Bahar Rüstəmli