Xəbər lenti

Xameneidən sonra: Teokratik sistemin çöküşü və yeni regional təlatümlər
Dünya 12:57 01.03.2026

Xameneidən sonra: Teokratik sistemin çöküşü və yeni regional təlatümlər

ABŞ və İsrail tərəfindən Əli Xameneinin öldürülməsi beynəlxalq münasibətlər sisteminin tam çöküşünün və dünyanın barbarlıqla, qoluzorluluqla idarə edilməsinin növbəti göstəricisidir.

Yeni dünyada təkcə beynəlxalq münasibətlər sistemi çökməyib, dini, ideoloji, ictimai anlayışların siyasi sistemlərə tətbiq mexanizmi də çöküb. 

Bəşəri hüquq formalaşa bilmədi. Hər yerdə hüququ ideologiyaların, siyasətin köləsinə çevirdilər. Bu da ağır nəticəsi.

İrandakı 47 illik teokratik sistemin çökməsi sıradan bir hakimiyyət dəyişikliyi deyil. Bu, SSRİ- nin dağılmasına bənzəyən, yaxın illər ərzində Qafqaz və Yaxın Şərqdə böyük təlatümlər yaradacaq hadisədir.

Bütün yatmış zəlzələ ocaqları hərəkətə gətiriləcək və ya təbii olaraq da gələcək.

Rejim Xamenenin öldürülməsi ilə çökməz, sistem var deyənlərin anlaması üçün deyim ki, rejim bu səhər təslim oldu. 

İranın mərkəzi meydanlarında və məscidlərində qırmızı qisas bayrağı yox, qara matəm bayrağı qaldırmaqla, əslində, rejim ağ bayraq qaldırmış oldu.

Dünyəvi sistemə keçid cəhdinin lideri Pezeşkian olacaq. Daha sonra Şahın oğlunu gətirib bir neçə il kukla kimi oynadacaqlar. Amma bu, İranın parçalanmasını önləyə bilməyəcək. 

İranın mozaik strukturu var. Sərhədlərində bütün qonşu ölkələrin əhalisi ilə eyni etnik kökə malik vətəndaşları məskunlaşıb. 

Pakistan, Əfqanıstan, Ərəb dövlətləri, İraq, Türkiyə, Azərbaycan və Türkmənistanla qonşuluqda yaşayan və İran əhalisinin böyük çoxluğunu təşkil edən vətəndaşların Şaha biət edəcəyi mümkün görünmür. 

İran daxilindəki gözlənilən təlatümlər, təhlükəsizlik sisteminin çökməsi, keçmişdə olan etnik və dini ziddiyyətlər, bütün bu əhalinin üzünü, hər birinin soydaşları yaşayan dövlətlərə çevirəcək.

İrandakı rejim çökməliydi deyə çökdü. O gerçəkdən Həzrət Əli şiəliyin varisi, Mehdiyə qədərki əmanətçi hakimiyyət olsaydı, onu çökdürmək mümkün olmazdı. 

Təsəvvür edin ki, Həzrət Əlinin əxlaqı və siyasəti 47 il hakimiyyətdə olur və ətrafına - dünyaya, mənəvi-ruhani gücüylə yox, proksi güclərdən - silahdan istifadə etməklə yayılmaq istəyir. 

İran rejimi özünün mənəvi potensialına güvənməyib. Belə bir potensial olmayıb deyə, rejimin yaxın ətrafında bu qədər xarici kəşfiyyata işləyənlər var.

Təsəvvür edin ki, Əli Xamenenin cəsədinin dağıntılar altındakı fotolarını paylaşmağı mən belə etik hesab etmədiyim halda, rejim "mənsubları" bunu dünyaya yaydılar.

İrandan sonra dünyada əhalisinin çoxluğu şiə olan üç ölkə var: Azərbaycan, Bəhreyn və İraq. 

Molla rejimi hakimiyyətinin ilk ilində İraqla müharibə etdi, illərlə tərəflər bir-birilərini əzdilər.

İrandakı rejim özünün mənəvi-ruhani gücünə əmin olsaydı, inqilabdan həmən sonra, əhalisinin böyük çoxluğu şiə olan ölkəylə müharibə edərdi? 

Ölkəsində Həzrət Əli ədalətinin bayrağını qaldırmaqla cazibədarlıq yaratmaq güclü silahdır, yoxsa qaba güclə qorxutmağa çalışmaq?

Eyni fəaliyyətlər digər müsəlman ölkələrində də göstərildi. Suriyada, Yəməndə, Pakistanda, Livanda və s- lərdə insanları qazanmaqla mənəvi gücü artırmaq yox, siyasi, hərbi və iqtisadi gücü qazanmaq istəyi ön planda oldu.

Ola bilər kimsə desin ki, İranla müharibəni İraq başlatdı və ya hansısa ölkələrdə şiələrə basqılar vardı, buna görə aqressiv reflekslər ortaya çıxdı.

Bəs, bizim şahidlik etdiyimiz və nümunə kimi çəkilməsi hamının qulağını yara etmiş məsələ - İranın yeganə xristian qonşusu Ermənistanla münasibətlər sistemini hara qoyaq?

Aydın təsəvvürümüz yaransın deyə, qayıdaq 1992 - ci ilin bu günlərinə - fevralın 26-na, Xocalı faciəsinin törədildiyi bu günlərə.

Azərbaycan Respublikası 4 aydır müstəqil dövlətdir və onu İran İslam Respublikası tanıyıb. 

Qonşuluq münasibətləriylə bağlı tərəflərin razılaşmaları var.
Erməni daşnaklar digər xristian dövlətlərin dəstəyi ilə, tarixdən silinməyəcək cinayət törədirlər, qocalı-uşaqlı hamını - şiə müsəlman əhalini amansızlıqla öldürürlər. 

Həzrət Əli şiəsi olan, İmam Mehdinin əmanətçi hakimiyyəti olan İran dövləti nə etdi? Hakimiyyətdə millətçi Elçibəy deyil, Heydər Əliyev də deyil, 4 aylıq dövlətin Prezidenti Ayaz Mütəllibovdur. Azərbaycan xalqının sevgisini, rəğbətini qazanmaq üçün və ən əsası, Allahın, Əhli-Beytin rizasını qazanmaq üçün, Arazı keçib, dinc əhalini qorumaq bir İlahi görəv deyildimi?

Daha sonra Arazın o tayından bu tayındakı qətllərə, işğallara, məscid, yurd dağıntılarına strateji məkr naminə susmadımı İran?

Azərbaycan xalqının o zaman yanında olmaq üçün, onun sevgi və rəğbətini qazanmaq üçün ələdüşməz fürsət vardı. Beynəlxalq hüquq da imkan verirdi, beynəlxalq şərtlər də. Rusiyanın durumu da bu müdaxiləyə imkan verirdi. Türkiyənin Qərbdən asılılığı, Rusiyadan çəkinməsi fonunda, İranın dövlət ağlı niyə işləmədi?
Çünki məkr imkan vermədi.

Deməli, bu rejim Həzrət Əli şiəliyinin hakimiyyəti olmayıb, mənəvi silahı yoxdur, yalnız məkrli siyasəti var.

Məkrli siyasətin ağlı da olmaz. Olsaydı anlayardı ki, ermənilər Azərbaycanı tamamilə məğlub edə bilməz, işğal edə bilməz buna onların fiziki imkanları çatmaz. 

İran öz daxilində ətraf üçün ədalətiylə cazibədar olmaq yerinə, ətrafının cazibədar olmasından qorxduğu üçün, Azərbaycana qarşı bu məkrli siyasəti yürütdü. 

Təbii ki, İlahi hikməti görməzdən gəlmək olmaz. Bəzən məkrli oyunları məkrli oyunlarla pozmaq və dayandırmaq halları da olur. 

Yenə də biz bilmərik, Allah bilər!
 
Sahib Kərimli
--> -->