XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xankəndi ilə Baia Mare şəhərləri qardaşlaşır
Ölkə12:54 15.08.2026

Xankəndi ilə Baia Mare şəhərləri qardaşlaşır

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Rumıniyanın Maramureş regionu və Baia Mare şəhəri arasında iqtisadi, investisiya, mədəni-humanitar, idman və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Qaynarinfo xəbər verir ki, Rumıniyada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea ilə görüşüb.

Görüşdə Qarabağ və Maramureş arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, region günlərinin və iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsi müzakirə edilib. Elçin Yusubov Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq layihələri, xarici investorlar üçün yaradılan imkanlar barədə məlumat verib. Qabriel-Valer Zatea isə Maramureşdəki layihələrdə Azərbaycan sərmayəçilərinin iştirakında maraqlı olduqlarını bildirib.

Azərbaycan nümayəndə heyəti Baia Mare şəhərinin meri İoan Doru Dencuşla da görüşüb. Tərəflər Baia Mare və Xankəndi arasında əlaqələrin inkişafı, birgə layihələr, təcrübə mübadiləsi, investisiya, mədəni-humanitar və idman sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşün yekununda Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə razılıq əldə olunub. Rumıniya tərəfi Qarabağa rəsmi səfərə dəvət edilib.