Dünya üzrə xərçəng xəstəliklərinin artımı ciddi narahatlıq doğurur. Avstraliyanın Kvinslend Universitetində aparılan yeni araşdırmaya görə, 2050-ci ilə qədər xüsusilə kişilər arasında xərçəngdən ölüm hallarında əhəmiyyətli artım müşahidə oluna bilər.
Qaynarinfo xəbər verir ki, tədqiqatda prostat, dəri və sidik kisəsi xərçənglərinin yayılma sürətinin artdığı vurğulanır.
Prostat xərçəngi artır
Mütəxəssislərin məlumatına görə, prostat xərçənginin diaqnozu dünyada getdikcə artır. Bunun əsas səbəbləri kimi əhalinin yaşlanması və diaqnostik imkanların inkişafı göstərilir. Xəstəlik daha erkən mərhələdə aşkar olunduğu üçün qeydə alınan halların sayı da yüksəlir.
Prostat vəzi sidik kisəsinin çıxışında yerləşən və reproduktiv sistemdə rol oynayan orqandır. Yaş artdıqca prostatın böyüməsi sidik ifrazında problemlərə səbəb ola bilər.
Risk qrupuna 50 yaşdan yuxarı kişilər, ailəsində prostat xərçəngi olanlar, siqaret çəkənlər və artıq çəkisi olanlar daxildir. Mütəxəssislər 50 yaşdan etibarən, risk qrupunda olanlara isə 45 yaşdan başlayaraq mütəmadi müayinələr tövsiyə edir.
Xəstəliyin müalicəsi mərhələdən asılı olaraq dəyişir. Erkən mərhələdə müşahidə kifayət edə bilər, daha irəliləmiş hallarda isə cərrahiyyə, şüa terapiyası və dərman müalicəsi tətbiq olunur.
Sidik kisəsi xərçəngində əsas risk – siqaret
Sidik kisəsi xərçəngi əsasən siqaret istifadəsi ilə sıx bağlıdır. Siqaret tərkibindəki zərərli maddələr sidik vasitəsilə orqanizmdən xaric edilərkən sidik kisəsinin divarına zərər verir. Kimyəvi maddələrlə işləyən peşə qruplarında da risk yüksəkdir.
Xəstəliyin əsas əlaməti ağrısız, laxtalı sidik qanamasıdır. Diaqnoz analizlər və görüntüləmə üsulları ilə qoyulur. Erkən diaqnoz müalicə imkanlarını artırır.
Mütəxəssislər siqaretin tərgidilməsini, kimyəvi təsirlərin azaldılmasını və kifayət qədər su qəbulunu vacib hesab edirlər.
Dəri xərçəngində günəşdən qorunma vacibdir
Son illərdə dəri xərçənginin yayılma səviyyəsində artım müşahidə olunur. Əsas risk faktoru günəş şüalarıdır. Mütəxəssislər kişilərdə günəşdən qoruyucu vasitələrin daha az istifadə edilməsinin riski artırdığını bildirir.
Dəri xərçənginin müxtəlif növləri var. Xüsusilə bədxassəli melanoma diqqətlə izlənilməlidir. Bənlərdə rəng, ölçü dəyişikliyi, qanama və qaşınma kimi əlamətlər olduqda həkimə müraciət edilməlidir.
Erkən diaqnoz üçün dermatoskopik müayinə mühüm rol oynayır. Digər dəri xərçəngi növləri əsasən günəşə məruz qalan bölgələrdə yaranır və erkən mərhələdə müxtəlif üsullarla müalicə oluna bilir.
Günay
Şərhlər