Amal Abuşov
İdman 11:44 18.12.2022

Xorvatiyadakı “əjdaha”dan bizdə olacaqmı?

Xorvatiya Respublikası. Bu adı eşidəndə adamın ağlına əvvəlcə nə gəlir? Əlbəttə ki, futbol. 

Mərkəzi Avropanın cənubunda, Balkan yarımadasına yaxın yerləşən bu ölkə artıq dağılmış Yuqoslaviyanın tərkibindən çıxıb. Müstəqilliyini də təxminən bizimlə eyni vaxtda elan edib, 1991-ci ildə. 1992-ci ildə BMT-nin və Avropa Şurasının üzvü olublar, 2009-cu ildə NATO-nun, 2013-cü ilin iyulun 1-dən isə Avropa Birliyinin. Dünyada çox az adam Xorvatiyanın dünya siyasətində tutduğu yerdən, Avropa Birliyindəki rolundan xəbərdardı. Amma Davor Şukeri, Luka Modriçi və digər xorvat futbolçuları hamı tanıyır. Çünki onlar dünya futboluna Xorvatiya adlı möhür vurmağı bacarıblar. 

Hələ uzaq 1996-cı ildə xorvatlar bütün dünyanı təəccübləndirməyi bacardılar. İlk dəfə Avropa çempionatının final mərhələsində iştirak edən "damalılar” qrup mərhələsindəki çıxışıyla azarkeşlərin ürəyini fəth etdi və ¼ finala qədər yüksəldi. İki il sonra keçirilən dünya çempionatında da bu uğurun davamı gəldi. Bu dəfə onlar daha böyük qəhrəmanlıq göstərdilər və dünya üçüncüsü adını qazandılar. Müəyyən müddət durğunluq yaşayan xorvatlar 2008-ci ildəki Avropa çempionatında da möhtəşəm çıxış edirdilər. Di gəl ki, "çılğın türklər” onların qarşısını kəsdi və "damalılar” ¼ finalda dayandılar. 2018-ci ildəki dünya çempionatı isə onlar üçün daha uğurlu alındı və finala qədər xorvatların yolunu heç kim kəsə bilmədi. Yalnız finalda uduzan Xorvatiya mundialın gümüş medallarını boynundan asdı. Qətərdəki dünya çempionatı xorvatlar üçün yaddaqalan oldu. Düzdü, bu dəfə finala yüksəlmək mümkün olmadı. Amma Şukerin həmyerliləri dünən bürünc medallar uğrunda keçirilən oyunda Mərakeşə heç bir şans vermədilər.

Xorvatiyanın əhalisi Azərbaycanın əhalisindən təmxinən iki dəfə azdır. Ərazisinə görə dünyanın 127-cisi, əhali sayına görə isə 128-ci olan xorvatlar dünya futbolunda söz sahibidilər. Biz də onların uğuruna həsədlə baxırıq, "o əjdahadan bizdə niyə yoxdu” sualını tez-tez özümüzə veririk. İllərdi ki, AFFA-nın vasitəsiylə milyonları sağa-sola səpələnir, bizim də futbolumuzun inkişaf etməsini arzulayırıq. Amma arzumuz gözümüzdə qalıb. Bunun üçün zaman-zaman xorvatların da köməyinə bel bağlamışıq. Hazırda işsiz olan xorvat çalışdırıcı Robert Prosineçki uzun müddət Azərbaycanda çalışıb. Quzu ətindən kababı çox sevən Robi Bakıda əsl krallar kimi yaşayırdı. Yeri gəlmişkən, millimizin hazırkı baş məşqçisi Canni De Byazi də tez-tez Bakıda krallar kimi yaşadığını deyir. Di gəl ki, nə Prosineçki, nə də De Byazi bizim üzümüzü güldürməyib, təsadüfi və ciddi sayılmayan nəticələrdən başqa heç nə qazanmamışıq. Digər xorvat çalışdırıcı Nikola Yurçeviç də həyatında ilk və hələ də son ciddi təyinatını AFFA-dan alıb, bizim millinin baş məşqçisi olub. İndi vətənində müxtəlif verlişlərdə ekspert kimi çıxış etməkdən başqa heç bir işə yaramayan Nikola AFFA ilə dəyəri 1 milyon avro olan müqavilə bağlamışdı. Onun "sayəsində” macarlarla slovaklar Bakıda qapımızı "aşsüzənə” döndərdilər.

AFFA ya başa düşmür, ya da başa düşmək istəmir ki, nə quyunu su tökməklə doldurmaq mümkündü, nə də sağlam bünövrəsi olmayan futbolu inkişaf etdirmək. Lap elə Ozobiçlə yanaşı daha 10 xorvat futbolçunu "milliləşdirsən” də Azərbaycan futbolda böyük uğur qazanmayacaq. Veclərinə almasalar da, biz bir daha deyək. Böyük futbol bölgələrə görüntü xatirinə yox, ciddi mənada qaytarılmalıdır. Ötən tur "Neftçi” Tovuza, "Sabah” Gəncəyə səfər etdi. Ruminiyalı Rege Tovuzdakı süni örtükdən şikayətləndi, rusiyalı Musayev isə Gəncədə konteynerlərdə paltarlarını dəyişmələrindən. Ölkənin qərbinə futbolu belə biabırçı şəkildə qaytarmaqla bizi əcnəbilərə rəzil edirsiz, cənablar. Bunu yazılarımın birində də yazmışdım.

Uşaqların süni örtüklü meydançalarda məşq etməsi, onların məktəblə məşq meydançaları arasında yollarda qalması bizim yaralı yerimizdir. Dəfələrlə deyirik ki, istedadlı uşaqlara xüsusi nəzarət olmalı, onlar məşqdən sonra normal təhsil almalı, mütəxəssis nəzarətində bərpa prosesi keçməli, rejimlə qidalanmalıdır. Futbolumuzun başbilənləri isə bunu eşitmir və ya eşitmək istəmir. Milyonlarımızı foqtslara, de byazilərə, prosineçkilərə, yurçeviçlərə, ştuxliklərə yedizdirirlər. Ona görə də 30 ilə yaxındı ki, xorvatların qazandığı uğurlara həsrətlə baxırıq...

Amal Abuşov