ABŞ, Yaponiya və Venesuelada cəmi səkkiz saat ərzində baş verən güclü zəlzələlər sosial şəbəkələrdə onların bir-biri ilə əlaqəli ola biləcəyi barədə fərziyyələrə səbəb olub. Lakin seysmoloqlar bildirirlər ki, zaman baxımından yaxın baş vermələrinə baxmayaraq, bu zəlzələlər arasında birbaşa əlaqə yoxdur.
Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının şimalında, az məskunlaşmış ərazidə 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Bir neçə saat sonra Yaponiyanın şimal sahilləri yaxınlığında 7,2 bal gücündə yeraltı təkan baş verib. Həmin gün Venesuelada da iki güclü zəlzələ qeydə alınıb və nəticədə çoxsaylı insan tələfatı ilə müşayiət olunan faciə yaşanıb.
Məhz bu hadisələrin qısa zaman intervalında baş verməsi onların əlaqəli olması ilə bağlı fərziyyələr yaradıb. Ekspertlər isə bunun sadəcə təsadüfi üst-üstə düşmə olduğunu bildirirlər.
Venesuelanın La Quayra şəhərində baş verən zəlzələlərdən sonra dağılan bina
Niyə bu zəlzələlər bir-biri ilə əlaqəli deyil?
ABŞ Geoloji Xidmətinin (USGS) seysmik təhlükənin qiymətləndirilməsi proqramı üzrə koordinator müavini Uilyam Barnhartın sözlərinə görə, hər üç zəlzələ yüksək seysmik aktivliyi ilə tanınan tektonik plitələrin sərhədləri yaxınlığında baş verib. Lakin bu, onlardan birinin digərini törətdiyi anlamına gəlmir.
"Dünyada hər gün zəlzələlər baş verir. Onların əksəriyyəti yaşayış məntəqələrindən uzaqda qeydə alınır. Sadəcə, bu dəfə insanların hiss etdiyi bir neçə güclü zəlzələ eyni dövrə təsadüf edib", deyə Barnhart bildirib.
O qeyd edib ki, güclü zəlzələlər bəzən digər təkanları da aktivləşdirə bilər. Ancaq bu, əsasən bir-birinə yaxın yerləşən geoloji qırılma xətlərində baş verir.
Yaponiyanın Aomori prefekturasının Haçinohe şəhərində baş verən zəlzələ nəticəsində divarı zədələnmiş bina
Kaliforniya Universitetinin (UCLA) mülki və ekoloji mühəndislik kafedrasının dosenti Martin Hadson da eyni fikirdədir. Onun sözlərinə görə, müasir seysmologiyada bir-birindən minlərlə kilometr uzaqda baş verən zəlzələlərin qarşılıqlı əlaqədə olduğunu göstərən heç bir nümunə yoxdur.
"Son yüz ilin zəlzələlərini təhlil etsək, bu qədər uzaq məsafədə yerləşən təkanların bir-birinə təsir etdiyini göstərən faktlara rast gəlmərik", deyə o vurğulayıb.
Niyə Venesueladakı zəlzələlər əlaqəli ola bilər?
Ekspertlərin fikrincə, Venesueladakı vəziyyət fərqlidir. Onlar hesab edirlər ki, 7,2 bal gücündə ilk zəlzələ yaxın ərazidə baş verən 7,5 bal gücündə ikinci təkanı aktivləşdirmiş ola bilər
"Bəzən geoloji qırılma xətti onsuz da aktivləşmək həddində olur və yaxınlıqda baş verən zəlzələ növbəti təkanı tetikleyen son amilə çevrilir", deyə Hadson izah edib.
Alimlərin sözlərinə görə, dünyada hər il maqnitudası 7 baldan yuxarı olan onlarla zəlzələ baş verir. Buna görə də belə hadisələrin özü nadir hesab edilmir.
"Ən böyük faciə ondadır ki, Venesueladakı zəlzələ sıx məskunlaşmış ərazidə baş verib", deyə Hadson əlavə edib.
Kaliforniyanın Redvud Valli şəhərində baş verən zəlzələdən sonra market
Xatırladaq ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. İlk yeraltı təkan 7,2 bal gücündə olub və Karakasdan təxminən 160 kilometr qərbdə qeydə alınıb. Bir dəqiqədən az müddət sonra isə 7,5 bal gücündə ikinci zəlzələ baş verib.
Ən ciddi dağıntılar paytaxt Karakasda qeydə alınıb. Şəhərin bir neçə rayonunda yaşayış binaları dağılıb. Şahidlərin sözlərinə görə, zəlzələ güclü uğultu ilə müşayiət olunub, insanlar təşviş içində ev və ofisləri tərk ediblər. Dəymiş ziyan səbəbindən ölkənin Mayketiya şəhərində yerləşən ən böyük hava limanının fəaliyyəti də dayandırılıb.
Aydın
Şərhlər