Xəbər lenti

Yaponiya MN
Dünya 23:53 04.08.2026

Yaponiya MN "Ağ kitab"ı dərc etdi: Əsas təhlükələr hansı ölkələrdir?

Yaponiya Müdafiə Nazirliyi ölkənin illik "Ağ kitab”ını dərc edib. 

Qaynarinfo xəbər verir ki, sənəddə Tokionun müdafiə qabiliyyətini daha da gücləndirməsinin zəruriliyi vurğulanır. Əsas təhlükələr kimi Çin, Şimali Koreya və Rusiyanın hərbi fəaliyyəti göstərilir. Eyni zamanda, sənəddə ilk dəfə olaraq müdafiə sənayesinə yatırımların təkcə milli təhlükəsizliyi deyil, həm də iqtisadi inkişafı dəstəkləyəcəyi fikri ön plana çıxarılıb.

Nazirliyin 4 avqust tarixində təqdim etdiyi, təxminən 600 səhifədən ibarət "Gələcəyin təhlükəsizliyi" adlı hesabatın ön sözündə müdafiə naziri Sindziro Koidzumi bildirib ki, Yaponiya müdafiə imkanlarını indiyədək olduğundan daha böyük təciliyyət hissi ilə gücləndirməli və yenidən formalaşdırmalıdır.

Sənəddə qeyd olunur ki, Çinin hərbi fəaliyyəti və digər addımları Yaponiya və beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur və ölkə üçün ən böyük strateji çağırış hesab edilir.

Tokio həmçinin Şimali Koreyanı əvvəlkindən daha ciddi və birbaşa təhlükə kimi qiymətləndirir. Sənəddə Rusiyanın isə Uzaq Şərqdə ən müasir hərbi texnikanı, o cümlədən sahil raket komplekslərini və müasir döyüş təyyarələrini yerləşdirməyə davam etdiyi bildirilir.

"Ağ kitab”da Moskva–Pekin və Moskva–Pxenyan əməkdaşlığının güclənməsi də xüsusi narahatlıq doğuran amillərdən biri kimi göstərilib.

Müdafiə sənayesinə investisiyalar iqtisadiyyata töhfə verməlidir

Müasir müharibələrdən, xüsusilə Ukraynadakı müharibədən çıxarılan nəticələr əsasında sənəddə müdafiə sənayesində yeni texnologiyaların tətbiqi, müdafiə startaplarının maliyyələşdirilməsi və silah istehsalında kommersiya komponentlərindən daha geniş istifadə olunması tövsiyə edilir.

Sənədin əsas yeniliklərindən biri müdafiə xərclərinin iqtisadi inkişaf vasitəsi kimi təqdim edilməsidir. Hesabatda vurğulanır ki, müdafiəyə yatırılan investisiyalar bütövlükdə iqtisadiyyata və insanların həyat keyfiyyətinə müsbət təsir göstərir.

Bu yanaşma sənədin dizaynında da əksini tapıb. "Ağ kitab”ın üz qabığı məşhur manqa rəssamı Hitomi Kariya tərəfindən hazırlanıb. Əvvəlki illərdən fərqli olaraq, üz qabığında hərbi texnika deyil, müasir göydələnlər və nəqliyyat infrastrukturunun fonunda gülümsəyən çoxuşaqlı ailə təsvir olunub. Müdafiə Nazirliyi bunun texnoloji tərəqqi hesabına qurulan gələcəyin şəhərini və həmin gələcəkdə yaşayacaq gənc nəslin rifahını simvolizə etdiyini bildirib.

Müdafiə siyasəti mərhələli şəkildə gücləndirilir

Yaponiya son illərdə müdafiə siyasətini ardıcıl şəkildə gücləndirir. Ölkə NATO üzvü olmasa da, müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırıb, təhlükəsizlik sahəsində Filippin, Avstraliya və Cənubi Koreya ilə əməkdaşlığını genişləndirib. Bu ilin aprelində isə müdafiə məhsullarının ixracına dair qaydaları yumşaldaraq yerli istehsal potensialının qorunmasının vacibliyini əsas gətirib.

Hazırda Tokio yaxın illər üçün müdafiə büdcəsinin konkret hədəfini açıqlamayıb. Bununla belə, hökumətin iqtisadi siyasət planında ABŞ-nin müttəfiqləri tərəfindən müəyyən edilən göstəricilərə istinad olunur. Sənəddə NATO ölkələrinin 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmaq, Cənubi Koreyanın eyni göstəriciyə mümkün qədər tez nail olmaq, Avstraliyanın isə 2033-cü ilədək ÜDM-in 3 faizinə yüksəltmək məqsədləri qeyd edilib.

Ekspertlərin fikrincə, Yaponiyanın gələcək müdafiə xərclərinin mühüm hissəsi Ukrayna müharibəsində geniş istifadə olunan pilotsuz uçuş aparatlarının və digər müasir silah sistemlərinin əldə edilməsinə yönəldilə bilər.

İlin sonunadək Yaponiya Milli Təhlükəsizlik Strategiyasını, Milli Müdafiə Strategiyasını və Müdafiə Qabiliyyətinin Gücləndirilməsi Proqramını da yeniləməyi planlaşdırır. Bununla yanaşı, hökumət artan müdafiə xərclərinin dövlət maliyyəsinə əlavə yük yaratmadan necə maliyyələşdiriləcəyini də izah etməlidir.

Aydın


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->