XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yemək gec hazır oldu, həyat yoldaşını saçından tutub divara çırpdı
Ölkə16:20 27.08.2026

Yemək gec hazır oldu, həyat yoldaşını saçından tutub divara çırpdı

Bakıda ər-arvad arasında axşam yeməyinin gec hazırlanması üstündə başlayan mübahisə məhkəməyə qədər gedib çıxıb.

Qaynarinfo xəbər verir ki, mübahisə zamanı kişinin həyat yoldaşının saçından tutaraq onu yolduğu və divara çırpdığı bildirilir.

İttihama görə, kişi həyat yoldaşı ilə mətbəxdə münaqişə zamanı onun saçını yolub, daha sonra itələyərək divara çırpıb. Nəticədə qadının başının sol təpə nahiyəsində saçların travmatik qopması və tük dibinin yumşaq toxumalarına qansızma, eləcə də sol said nahiyəsində qançır və sıyrıq yaranıb. Ekspertiza xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs hadisəni törətdiyini etiraf edib. O bildirib ki, həyat yoldaşı ilə 2006-cı ildə rəsmi nikaha daxil olub və iki övladları var.

Onun sözlərinə görə, həmin gün işdən yorğun gəlib, yuyunduqdan sonra qonaq otağındakı divanda əyləşərək həyat yoldaşından süfrə hazırlamasını istəyib. Qadın isə yeməyin bir neçə dəqiqəyə hazır olacağını deyib.

Tərəflər arasında yaranan sözlü mübahisə zamanı kişi stolun üzərində qaynanasından yadigar qalan boşqabı yerə çırparaq sındırıb. Bundan sonra mübahisə mətbəxdə davam edib.

Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, əsəbiləşərək həyat yoldaşının saçından tutub yolub və onu itələyərək divara çırpıb. Hadisədən sonra isə evdən çıxıb. O, məhkəmədə əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş qadın isə ərinin uzun müddətdir spirtli içki qəbul etdiyini və içki qəbul etdikdən sonra evdə mübahisələr yaratdığını deyib. Onun sözlərinə görə, əri bəzən evdəki əşyaları da xəbərsiz sataraq əldə etdiyi pulla spirtli içki alıb.

Qadın bildirib ki, hadisə günü də ərinin işdən yorğun gəlməsindən sonra axşam yeməyinin gec hazırlanması mübahisəyə səbəb olub. Ərinin anasından yadigar qalan qabı sındırmasından sonra ona irad bildirib.

Mübahisə mətbəxdə davam edərkən kişi onun üzərinə hücum çəkərək saçından tutub və divara çırpıb. Zərərçəkmişin sözlərinə görə, yıxılmamaq üçün sol qolunu divara dayayıb və həmin vaxt qolundan xəsarət alıb.

Hadisədən sonra ərinin evdən çıxdığını deyən qadın hazırda onunla eyni evdə yaşadıqlarını, lakin danışmadıqlarını və barışmadıqlarını bildirib.

Məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilib. Ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Müttəhimin saxlanıldığı 1 gün iki gün hesabı ilə cəza müddətindən çıxılıb. Nəticədə üzərində qəti olaraq 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Aydın